19 İyun 2023 17:39
2 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında olan məsələ barəsində minlərlə mətnlər yazılıb, fikirlər bildirilib. Sözsüz ki, iki ölkə arasındakı sülh prosesinin enişli-yoxuşlu gedişi, onun mütəmadi olaraq ciddi əngəllərlə qarşılaşması bu münaqişənin həll edilməməsində maraqlı olan beynəlxalq qüvvələrin gücündən xəbər verir. Bu beynəlxalq qüvvələr o qədər güclüdürlər ki, özlərindən uzaqda olan bir bölgədə iki xalqın sülh istiqamətindəki danışıqlarını poza bilirlər.

Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Fransa, Rusiya, İran kimi ölkələr bu məsələyə ciddi təsir edirlər:

“Onlar istədikləri əngəllərlə sülh müqaviləsinin imzalanmasına mane olurlar. Fakt odur ki, erməni xalqına da sülh lazımdır. Bu ölkədə müharibədən sonra keçirilən seçkilər göstərdi ki, hətta ağır məğlubiyyətdən sonra da erməni xalqı müharibəni davam etdirmək istəmir. Əslində erməni cəmiyyəti bu yanaşması ilə Azərbaycanla sülhə hazır olduğunu bildirdi. Azərbaycan da öz növbəsində ağır müharibədən və böyük itkilərdən sonra münaqişənin davam etməsində maraqlı deyil”.

Politoloq hesab edir ki, əslində Azərbaycanla Ermənistan arasında sülh mümkündür: “Burada bir çox ciddi dövlətlər, təşkilatlar - Avropa İttifaqı, ABŞ və digərləri vasitəçki kimi maksimum mövqe sərgiləməyə çalışır. Məqsəd Azərbaycanla Ermənistanın barışığına nail olmaqdır. Amma fakt odur ki, Fransa, Rusiya və İran bunu istəmir. Ona görə də, bu üç tərəf sülhü pozmaq üçün əllərindən gələni edirlər”.

Zərdüşt Əlizadəyə görə, bu üç tərəf Azərbaycanla Ermənistan arasında bundan sonra münaqişə davam etsə də istəklərinə nail ola bilməyəcəklər:

“Əslində onlar yanılırlar. Çünki vəziyyəti düzgün qiymətləndirmirlər. Sülhün əldə olunmasına mane olmaq imkanları böyük olsa da, gözlədikləri mənfəəti əldə edə bilməyəcəklər. Xalqların rəyi və istədikləri onların düşündükləri kimi deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər