Artıq bir neçə gündür davam edən erməni təxribatı fonunda qarşı tərəf yeni hiyləyə əl atır. Onlar əvvəlcə informasiyanı yayır, daha sonra təxribat edir. Ötən gün Ermənistan tərəfinin yaymış olduğu məlumatda qeyd edilirdi ki, ayın 19-u saat 00-45-dən 02-20-ə qədər guya Azərbaycan ordusu onların Zod və Arazdəyən istiqamətində yerləşən mövqelərinə atəş açıb. Amma bu xəbərin üzərindən bir neçə saat keçməmiş Azərbaycan Müdafiə Nazirliyi ermənilərin məhz həmin istiqamətdə atəşkəsi pozduğunu qeyd etdi. Sadəcə olaraq erməni tərəfi yalan məlumatı gecə saatlarında yaymışdı. Gündüz saatlarda isə o istiqamətdə atəşkəsi pozublar.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, ermənilər son dövrlər təxribatlarla yanaşı yeni-yeni hiylələr işlədirlər:
“Azərbaycanla sərhəddə ağır metallurgiya zavodunun tikintisi məhz bu məqsədə xidmət edir. Fakt odur ki, Amerika vətəndaşı olan bir erməni gəlib Azərbaycanla sərhəddə ağır metallurgiya zavodu tikir. Əslində bu, bir növ Azərbaycanı açıq təxribata çəkməkdir. Çünki bu zavodun tikintisi Azərbaycanın ekologiyasına ziyan vuracaq. Həmin zavodun tullantıları Araz çayı vasitəsi ilə Xəzər dənizinə axıdılacaq”.
Polkovnik Ermənistan ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi məsələsinə də aydınlıq gətirib:
“Silahlı qüvvələr arasında toqquşmalar həmişə olub. Bundan sonra da olacaq. Ona görə də, erməni tərəfinin ordunu “bir nömrəli” döyüş vəziyyətinə gətirməsi ya hücuma hazırlaşması, ya da hücumun qarşısının alınması üçündür. Erməni tərəfinin hücuma hansı istiqamətdə, hansı güclə keçəcəyi məlum deyil. Öz növbəsində Azərbaycan Ordusunun Ermənistana hücuma keçməsi ilə bağlı planı və niyyəti yoxdur”.