Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Bugünlərdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda rəsmi səfərdə olması da bu faktı təsdiqləyir. Səfər çərçivəsində bir sıra mühüm tədbirlər baş tutub, ikitərəfli və regional məsələlər ətrafında aktual müzakirələr aparılıb. O cümlədən Prezident İlham Əliyevin Baş nazir Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Bu isə qardaşlıq mövqeyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu ölkələr Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı respublikamıza ciddi siyasi dəstək nümayiş etdirdi. Oxşar problemlə Pakistan da üzləşib. Kəşmir münaqişəsi uzun illərdir ki, davam edir. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə dost ölkənin yanında olduğuna diqqət çəkib: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”. Pakistanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlar aparılmasından məmnunluğunu ifadə edib. Ölkəsinin Ermənistanla gələcək münasibətlərinə diqqət çəkən Baş nazir deyib: “Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Məhəmməd Şahbaz Şərif isə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən bəhs edərkən “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”, - deyə söyləyib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməzinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edərək deyib: “Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür”.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Müzakirələr zamanı qərara alınıb ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Onlardan biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək. Səfər çərçivəsində keçirilən görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə mövzusu olub. “Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Baş nazir Məhəmməd Şahbaz Şərifin rəsmi səfəri isə əlaqələrin inkişafına böyük təkan verəcək”.