Bu günlərdə Azərbaycan Dövlət Televiziyasında “Qisas-3” əməliyyatının başlanması ilə bağlı rəy sorğusu keçirilib. Əslində dövlət televiziyasında belə bir sorğunun keçirilməsi açıq mesajdır. Azərbaycan dövləti açıq şəkildə bildirməyə çalışır ki, bu əməliyyat başlaya bilər. Ona görə də, bunun başqa bir izahı yoxdur. Çünki separatçılar tərksilah olmur, Ermənistan silahlı qüvvələrini buradan çıxarmır, Rusiya isə üçtərəfli razılaşmanın müddəaların icrasına əməl etmir. Belə olduğu halda Azərbaycan Ordusunun lokal və ya genişmiqyaslı antiterror əməliyyatları keçirməsi mümkündür.
Bunu Teleqraf.com-a politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, hazırda bu məsələ öz aktuallığını qoruyur:
“Sadəcə olaraq Azərbaycan Ordusu burada incəliklə bir antiterror əməliyyatı icra edəcək ki, orada olan rus sülhməramlıları ilə hər hansı bir qarşıdurma baş verməsin. Eyni zamanda Azərbaycanın atacağı bu addımlar Brüsseldə liderlərin gözlənilən növbəti görüşünə mane olmur. Çünki Brüsseldə Azərbaycan-Ermənistan məsələsi müzakirə ediləcək. Qarabağ məsələsi burada heç kəslə müzakirə edilmir. Bu, daxili məsələdir və Azərbaycan orada qayda-qanun yaratmalıdır”.
Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan liderlərinin bu ay gözlənilən görüşündə sülh sazişi, sərhədlərin müəyyənləşməsi və digər məsələlər müzakirə olunacaq:
“Bu məsələlərin isə Qarabağa heç bir aidiyyəti yoxdur. Qarabağda Azərbaycanın istənilən hədəfə çatmağa tam hüququ var. Amma bunun fonunda Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz silahlılar əsgərimizə güllə atıb təxribat törədirsə yaxın günlərdə bunlara son qoymaq üçün genişmiqyaslı antiterror əməliyyatları başlaya bilər”.
Elxan Şahinoğlu ABŞ-ın sülhlə bağlı götürdüyü öhdəliyə də münasibət bildirib:
“28 ildə bir sıra öhdəliklər götürülüb və onların heç biri icra edilməyib. Ən böyük öhdəlik BMT qətnamələri idi ki, bunlar icra edilmədi. Ona görə də, bunlar şifahi razılaşmalardır. Yazılı razılaşmalar icra edilmirsə, şifahı razılaşmalara diqqət yetirməyə ehtiyac yoxdur. Amma bunun fonunda Brüssel görüşündə liderlər dəhliz və sərəhədlərin müəyyənləşməsi məsələlərini müzakirə edəcək. Vaşinqtonda XİN rəhbərləri ciddi bir irəliləyişə nail olmadığına görə, Brüsseldə liderlərin görüşündə hansısa bir proqresin olacağını söyləmək olmur”.