7 İyul 2023 08:28
281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşulmama Hərəkatına (QH) üzv ölkələr ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, siyasi müstəqilliyinə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edilməsinin zəruriliyini vurğulayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının Bakıda keçirilən Əlaqələndirmə Bürosunun nazirlər iclasının yekunları üzrə qəbul edilən Bakı Bəyannaməsinin mətnində deyilir.

Beləliklə, Qoşulmama Hərəkatının üzvləri BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələməkdən və ya tətbiq etməkdən çəkinməyin, daxili işlərə qarışmamaq prinsiplərinə riayət edilməsinin zəruriliyini bir daha təsdiq ediblər.

Üzv ölkələr həmçinin beynəlxalq hüququn bu prinsiplərini dəstəkləməyə və təşviq etməyə və dövlətlərin milli birliyinin və ya ərazi bütövlüyünün qismən və ya tamamilə pozulmasına yönəlmiş istənilən cəhdə qarşı durmağa davam edəcəklərini öhdəliklərinə götürdülər.

"Bir daha təsdiq edirik ki, hər bir dövlətin öz beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya BMT-nin məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etmək hədəsindən və ya tətbiq etməkdən çəkinmək öhdəliyi var və belə bir təhdid və ya güc tətbiqi beynəlxalq hüququn və BMT Nizamnaməsini pozur və heç vaxt beynəlxalq problemlərin həlli vasitəsi kimi istifadə edilməməlidir", - deyə sənəddə bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bildirib ki, Qoşulmama Hərəkatının dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

"Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq", - deyə dövlətimizin başçısı bildirib.

Xatırladaq ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Ölkənin təşkilatda sədrlik dövrünün pandemiyanın qızğın çağına düşməsinə baxmayaraq, rəsmi Bakı sədrlik missiyasını uğurla yerinə yetirərək Hərəkata daha 1 il rəhbərlik etmək hüququ qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər