Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bu beynəlxalq platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb”.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycanın təşkilatın işində daim fəal iştirak etdiyini diqqətə çatdıran deputatın sözlərinə görə, məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. BMT-nin 120 üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. Daha sonra ölkəmizin təşkilata sədrliyi bir il də uzadılıb. Qoşulmama Hərəkatının Sədri İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirmişdi. Dövlətimizin başçısı Azərbaycanın sədrlik dövründə Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini bəyan etmişdi. Həqiqətən də, dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın təşkilata rəhbərliyinin böyük hissəsi “COVİD-19” pandemiyası dövrünə təsadüf edib. Pandemiya ilə bağlı Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və həmin təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib. Bunun nəticəsi olaraq BMT Baş Assambleyasında bir sıra sənədlər qəbul olunub. Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu: “2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı da yaradılıb. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş gedir. Dövlətimizin başçısı çıxışında Azərbaycanın neokolonializm meyillərinin artmasından da narahat olduğunu bildirib. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Cənab Prezidentin dediyi kimi, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir”.
“Prezident İlham Əliyev çıxışında regionumuzda vəziyyət barədə də fikirlərini ifadə edib. “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir”, -deyən dövlətimizin başçısının vurğuladığı kimi, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur. Bütün bunlar isə regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasının qarşısını alır. Azərbaycan bölgədə sülhün təmin olunması üçün qətiyyətli siyasətini davam etdirəcək və bu prosesdə beynəlxalq platformaların imkanlarından istifadə edəcək”,-deyə millət vəkili vurğulayıb.