22 İyul 2023 20:07
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heydər Əliyev ili” və Azərbaycan Milli Mətbuatının 148 illiyi çərçivəsində Şuşada keçirilən Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla yanaşı, dünyada və regionda baş verən proseslərə ölkə Başçısı tərəfindən münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Qlobal Media Forumunun Şuşada keçirilməsi təsadüfi deyil. Qafqazın konservatoriyası sayılan Şuşa Azərbaycanla yanaşı, Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Şuşa sadəcə mədəniyyət beşiyi deyil, o, həmçinin Azərbaycanın tarixi zəfərinin təntənəsinə, simvoluna çevrilmişdir. Bu baxımdan Qlobal Media Forumunun Şuşada keçirilməsi Azərbaycanın tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərininin və genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, forumda 49 ölkədən 150- xarici qonaq, o cümlədən denyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi iştirak edib. Azərbaycanın şanlı zəfərinin zirvəsi olan Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, mühüm siyasi diskusiyaların aparıldığı mədəniyyət mərkəzinə çevrilmişdir. Əlbəttə, bu hər bir azərbaycanlı üçün olduqca qürurvericidir.

Millət vəkili vurğulayıb ki, sual-cavab formatında keçirilən forumda cənab Prezident dünyada və regionda baş evrən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini də nümayiş etdirib. Xüsusilə Ermənistan- Azərbaycan münaisbətlərində normallaşma prosesi ilə əlaqədar olaraq, Ermənistanın atmalı olduğu addımları bir daha vurğulayıb. Prezident, Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan edərək müharibədən sonra sülhə doğru düşmənin məcburiyyətdən bəzi addımlar atdığını, amma bu addımların yetərli olmadığını bildirdi. Sülh sazişi imzalanmadığı təqdirdə bunun nəticələri şübhəsiz ki, ağır olacaq. Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır. Sülhə nail olunması hər iki ölkənin iqtisadiyyatına ciddi töhfə vercək. Aydın məsələdir ki, hazırda sülhün gətirəcəyi iqtisadi dividentlərə möhtac olan tərəf Ermənistandır.

Millət vəkili Tamam Cəfərova qeyd edib ki, forumda cənab Prezident Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər haqqında da vacib məsələlərə toxunub. Ölkə Başçısı Cənub Qaz dəhlizinin uğurla icra edildiyini və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini, eləcə də, Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırdığını bidlirib. Həmçinin ölkə Başçısı Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar olaraq, bunun Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə olmadığını bir daha qeyd edib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi dünyada tanınır və qəbul edilir. Bu sahədə Azərbaycan mühüm aktorlardan birnə çevrilmişdir. Xüsusən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bütün dünya qəbul edir. Bu baxımdan TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Qeyd edək ki, TAP boru kəmərinin 10 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-ın isə 16-dan 32-yə qaldırılması gözlənilir. Əlbəttə, əvvəllər belə bir gözlənti yox idi, lakin, dəyişən vəziyyət və dünyanın üzləşdiyi mövcud reallıqlar belə bir gözləntini qarşıya qoymuşdur. Bütün bunlarla yanaşı Azərbaycan yaşıl enerji sahəsində də mühüm layihələr icra etməkdədir. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması da bu baxımdan olduqca önəmlidir.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova bildirib ki, ölkə Başçısı Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə toxunmuşdur. Bunların içərisində şübhəsiz ki, Böyük Qayıdışla bağlı cənab Prezidentin qeyd etdiyi məqamlar olduqca önəmlidir. Beləki, ölkə Başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirib. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu rəqəmlər, əlbəttə, hər bir azərbaycanlının qəlbində sevinc və qürur hissi oyadır. Nəzərə almalıyıq ki, bu qədər genişmiqyaslı quruculuq işini Azərbaycan təkbaşına heç bir maliyyə yardımı almafan təkbaşına həyata keçirir. Şübhəsiz ki, bütün bunlar dünyada qibtə ilə qarşılanır. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və orada həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünə güzgü tutur. Azərbaycanın real imkanlarını və potensialını nümayiş etdirir.

Reallıq ondan ibarətdir ki, bu gün dünyada baş verən bütün mürəkkəb siyasi proseslərin fövqündə Azərbaycan dinamik inkişaf nümunəsi ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən daha da güclənən Azərbaycan bütün siyasi arenalarda haqlı və güclü mövqeyini ortaya qoymaqdan çəkinmir. Əlbəttə bütün bunların arxasında güclü siyasi iradə, xarakter mövcuddur. Bu gün prezident İlham Əliyevin nümayiş etdirdiyi əzm və siyasi iradə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin siyasi təzahürünə çevrilmişdir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Tapdıq Qurbanlı