27 İyul 2023 13:40
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqından biz obyektivlik gözləyirdik. Çox istərdik ki, onların bir neçə nümayəndəsi də Azərbaycan tərəfdə təpənin arxasında dayanıb, ermənilərin növbəti təxribatının şahidi olardı. Fakt odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü nəzərə almadan özünün maşın karvanını Azərbaycan ərazisinə yeritmək istəyir. Dünyanın heç bir ölkəsi belə bir vəziyyətə razı olmaz. Bu prosesi müşahidə edən həmin o Avropa İttifaqının nümayəndələrinin ölkələrində belə bir hal olsa, onlar necə davranar, buna necə cavab verərdilər? Maraqlıdır ki, onlar niyə öz sərhədlərini toxunulmaz hesab edirlər?

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycan açıq qapı siyasəti yürüdürək öz ərazisinə mənşəyi, məqsədi məlum olmayan yüklər buraxa bilməz:

“Eyni zamanda yalançı bir blokada, humanitar fəlakət obrazı yaratmağa Avropa İttifaqının həmin nümayəndələri dəstək olur. Onlar hesab edirlər ki, Azərbaycana bu təzyiqi etməklə ölkəmizi öz suveren hüquqlarından imtina etməyə nail olacaqlar. Amma unudurlar ki, Qarabağ Azərbaycan ərazisidir. Bunu artıq dəfələrlə Ermənistanın rəsmi şəxsləri bildiriblər”.

Deputat hesab edir ki, hazırda Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları da məhz bu baza əsasında gedir:

“Ona görə də, Azərbaycan öz ərazisində olan problemi, özü həll edə bilir. Burada Laçın sərhəd-buraxılış məntəqəsi var. Qarabağda yaşayan erməni əsilli sakinlər buradan sərbəst şəkildə gedib-gələ bilirlər. Digər tərəfdən Azərbaycan Ağdam-Əsgəran yolunu həmin bölgənin istənilən ehtiyacını ödəmək üçün təklif edib. Amma bunun qarşılığında separatçılar həmin yola beton bloklar yerləşdiriblər. Bütün dünyaya guya onların blokadada olması haqqında hay-küy salırlar. Blokadada olan yolu necə kəsir, ona təklif edən yardımdan necə imtina edir?”.

Aydın Mirzəzadə bildirib ki, Ermənistandan göndərilən yardım maşınlarının içərisində nə olduğu məlum deyil:

“Eyni zamanda harada görünüb ki, bir ölkə qonşu ölkəyə onun sərhəd keçid qaydalarını nəzərə almadan böyük bir yük karvanı göndərsin? Fakt odur ki, Ermənistan ikili siyasət yürüdür. O guya bir tərəfdən danışıqlar aparır, digər tərəfdən isə vaxtaşırı olaraq Azərbaycana qarşı hərbi, siyasi, təxribat törədir. Ona görə də erməni tərəfinin hümanitar yardım adı altında etdiyi bu təxribat da mənasızdır. Çünki Azərbaycan öz hüquqlarını bilir. Ölkəmiz sözsüz ki, bu təxribata getməyəck. Ermənistanın bu hay-küyü də ancaq özünə ziyan vuracaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər