Ermənistandan Azərbaycan ərazisinə göndərilən “humanitar yardım” karvanı əslində növbəti təxribatdır. Həmin maşınlarda 44 günlük müharibədə ermənilər silah-sursat daşıyırdılar. Döyüşdə məğlub olduqda isə ölmüş erməni əsgərlərinin cəsədləri üçün o maşınlar tabut rolunda idi. Həmin maşınların kimə və hara bağlı olduğunu Azərbaycan ictimaiyyəti çox yaxşı bilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, bu gün ermənilərin belə təxribata əl atması üçün Şimaldan və Qərbdən göstərişlər verilib:
“Avropa İttifaqının Ermənistan ərazisində olan, özünü sülhsevər kimi qələmə verən missiyası da həmin o təxribat karvanı ilə bərabər Azərbaycanla sərhədə gəlmişdi. Onlar karvandan qabaq özlərini ora çatdırmışdılar. Bütün bunlar isə bu oyunun əvvəlcədən hazırlanmış bir plan olduğunu bir daha təsdiqləyir”.
Deputat hesab edir ki, Ermənistanın bu cür saymazyana hərəkəti Azərbaycana qarşı təxribat olmaqla yanaşı bizim ərazi bütövlüyümüz və suverenliyimizin pozulmasına edilən cəhddir:
“Onlar düşünürdülər ki, Azərbaycan bu addımlar qarşısında geri çəkiləcək. Bu gün Azərbaycan əleyhinə bəyanatlar verənlərdən soruşmaq lazımdır ki, onların dövlətinin razılığı olmadan ərazisinə hansısa bir yük maşını necə keçə bilər? Belə çıxır ki, onların ərazi bütövlüyü müqəddəsdir? Azərbaycana gəldikdə isə buna humanitar və başqa adlar qoyub təzyiq üçün istifadə edirlər”.
Elman Məmmədov bildirib ki, Azərbaycan dövləti bu gün özünün malik olduğu imkanlarla ərazi bütövlüyü və suverenliyini tam şəkildə qoruya bilir:
“Çox güman ki, onlar Azərbaycanı 90-cı illərin reallığı ilə qarışdırırlar. Amma yanılırlar. İndi onların qarşısında güclü, qalib Azərbaycan var. Ona görə də, dövlətimizin sarsılmaz, qətiyyətli mövqeyinə heç kim təsir edə bilməyəcək”.