Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi bir neçə dəfə xəbərdarlıq edib ki, ölkəmizin hava məkanından istifadə edən mülki təyyarələrə qarşı qanunsuz erməni silahlı birləşmləri tərəfindən radiomaneələr tətbiq edilir. Fakt odur ki, ölkəmizin ərazisindən uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bu cür təxribat hallarının sayı artıb. Bunun təhlükəli olduğu ilə bağlı tərəflər xəbərdarlıq edilir. Bununla belə, Azərbaycan bu kimi təxribatlara sona qədər cavabsız qoya bilməz.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Ekspert hesab edir ki, Azərbaycan tərəfinin növbəti cavabı həmin təxribatların olduğu ərazilərə cavab zərbələrinin endirilməsi ilə nəticələnə bilər:
“Əgər onlar açıq şəkildə ölkə ərazisində uçan mülki təyyarələr üçün təhlükə yaradırlarsa, Azərbaycan çəkinmədən cavab zərbəsi ilə öz reaksiyasını bildirməlidir. Bu təxribat tək yerli təyyarələrə qarşı edilmir. Azərbaycanın hava məkanından istifadə edən xarici ölkələrin təyyarələrinə qarşı da bu cür təxribatlar törədilir”.
Polkovnik bildirib ki, məsələ ilə bağlı Azərbaycan tərəfi həmin ölkələrin səfirliklərinə müraciət etməlidir:
“Öz növbəsində həmin ölkələr də lazımi addımları atmalıdırlar. Bu işləri birlikdə koordinasiya etmək vacibdir. Bu gün erməni tərəfi hümanitar yardım adı altında böyük bir şou düzəldib. Söhbət Azərbaycan ərazisində olan proseslərdən gedir. Hər kəs bilməlidir ki, Azərbaycan öz ərazisi daxilində heç kimin şıltaqlığını bağışlayan deyil”.
Üzeyir Cəfərova görə, Azərbaycan Xarici İşlər Nazirliyi ölkə ərazisində uçan təyyarələrə qarşı təxribatlara görə beynəlxalq ictimaiyyəti xəbərdarlıq etməlidir:
“Artıq rus sülhməramlılarına da xəbərdarlıqlar bir nəticə vermir. Ona görə də, Azərbaycan daha kəskin addımlar atmalıdır. Bir-iki belə hal təkrarlanarsa, o nöqtələrdən biri susdurulmalıdır. Bu digərlərinə də görk olar. Məsələnin həlli məhz bu qədər sadədir”.