Qarabağda 90-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı amansız divan tutmuş Vaqif Xaçatryan bu cinayətləri təkbaşına icra etmirdi. O vaxt mən Qarabağa Xalq Yardımı Komitəsinin nümayəndəsi kimi Xankəndi ilə işləyirdim. Demək olar ki, ilin 160-170 gününü Xankəndidə olurdum. Xankəndi ətrafında olan kəndləri çox yaxşı tanıyırdım. Orada biz mobil qrup kimi işləyirdik. General Dadaş Rzayev bizim qrupa rəhbərlik edirdi. Amma başqa adlarla işləmişik ki, ermənilər bizi tanımasın. Məsələn, Dadaş Rzayevin adı Dmitri Qriqoryeviç Rayevski gedirdi. Mənim adım isə Mixaylov Yuri Petroviç idi. Çünki Nuriyev olmazdı. Mikayılovu Mixaylov etmişdik. Qaynanamın soyadına uyğunlaşdırmışdıq. Rus və yəhudi adlarından istifadə edirdik. Digər sənədlərin də heç biri öz adımıza deyildi.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, həmin dövrdə Xocalının Meşəli kəndi siyahıya belə salınmamışdı:
“Bu kəndi Alış müəllim böyük çətinliklərlə siyahıya saldırıb, qoruyub. Çünki Meşəli kəndinin sakinlərinin çoxusu Laçından köçüb gəlmişdilər. Kəndin çox gözəl təbiəti, mənzərəsi var idi. Qarabağ Komitəsinin xətti ilə həmin vaxt Meşəlidə məktəb binası və digər zəruri infrastruktur yaradılmışdı. Bütün bunlarla yanaşı orada ermənilərin bir neçə istiqamətdə terror dəstələri fəaliyyət göstərirdi. Vaqif Xaçatryan da onların birində idi. Yezidi kürdü olan Vaqif Xaçatryanın təmsil olunduğu dəstə ermənilərə daha çox yarınmaq üçün azərbaycanlılara qarşı olduqca amansız olub. Daşnaksütun, Suriyadan gəlmiş ASALA terror qrupu, Qnçakın dəstəsi xüsusi amansılığı ilə seçilirdi. Həmin vaxt bu terror qrupları Cəmilliyə, Meşəliyə davamlı basqınlar edirdi”.
Politoloq bildirib ki, terrorçu mobil qrupların içərisində Vaqif Xaçaturyan daha aktivlik nümayiş etdirib:
“O vaxt bizim təhlükəsizlik orqanlarının əldə etdiyi məlumatda deyilirdi ki, bu cür 12 qrup var. 7-10 nəfərdən ibarət olan bu terrorçu qruplar gündüz bir kəndə, gecə başqa kəndə hücum edirdi. Bəzi vaxtlarda isə bizə məlumat ötürən erməniləri Vaqif Xaçatryanın dəstəsi gecə gedib öldürür, səhərisi günü də hay-küy salırdılar ki, onları azərbaycanlılar basqın edib öldürüb. Orada həmçinin Ağacanyanın, Vitali Balasanyanın, Nersisyanın atasının, Araik Arutunyanın, Robert Köçəryanın, Serj Sarkisyanın, Samvel Babayanın terror qrupları var idi”.
Cümşüd Nuriyev vurğulayıb ki, həmin vaxt bu erməni terror qrupları haqqında məlumatları Milli Qəhrəman Əlif Hacıyev toplayırdı:
“Əlif Hacıyev o vaxt Qarabağa Xalq Yardımı Komitəsində işləyirdi. Onu rəhmətlik Məhəmməd Əsədov polisə işə bərpa etmişdi. Məlumat əldə etmişdik ki, 29 nəfər azərbaycanlı satqınlıq edir. Kimlər xalqını sevirdisə onları ermənilərə satırdılar. O vaxt hamı elə bilirdi ki, Vaqif Xaçaturyan azərbaycanlıdır. Çünki o, Azərbaycan dilini yaxşı bilirdi. Vaqif Xaçatryan öz əzazilliyinə görə ad çıxarmış Monte Melkonyan və Amerikadan gələn Kaliforniya ermənilərinin dəstəsi kimi amansızlıq edirdi”.