1 Avqust 2023 14:43
18 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb:

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Azərbaycanla Ermənistan arasında hazırda gərgin bir durum mövcuddur. Sizcə, Moskva görüşündən sonra tərəflər arasında bu səviyyədə gərginliyin baş verməsinə səbəb nə idi?

- Sözsüz ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Moskvada baş tutan görüşdə əslində pozitiv irəliləyiş yox idi. Bu sadəcə olaraq növbəti danışıqlardan biri idi. Erməni tərəfinin son olaraq həyata keçirdiyi hümanitar təxribatı isə əvvəlcədən planlaşdırılmışdı. Bu Moskva görüşündən əvvəl hazırlanan plan olub. Onlar buna hazırlaşıblar. Müxətlif mərkəzlərlə mıəsləhətləşiblər. Burada yəqin ki, Avropanın bəzi ölkələri də olub. Çünki təsadüfi deyil ki, həmin yüklər daşınmağa başlanan kimi Avropa İttifaqının Ermənistandakı missiyası dərhal hadisə yerində olub. Onlar karvanın sərhəddə yaxınlaşmasını təpədən izləyiblər.

- Azərbaycanın Ermənistandan gələcək karvanı buraxmayacağını bilə-bilə bunu etmək nəyə hesablanmışdı?

- Bütün bunlar onu deməyə əsas verir ki, bu, əvvəlcədən planlaşdırılmış bir aksiya olub. Amma nəticə əldə etməyiblər. Çünki düşünürdülər ki, Azərbaycan karvan saxlayacağı təqdirdə ona güclü təzyiqlər olacaq. Bununla da Azərbaycan karvanın keçidi üçün sərhədi açacaq. Amma elə bir hadisə baş verməyib. Doğrudur, Azərbaycanın əleyhinə müəyyən açıqlamalar səsləndirilir. Bunun fonunda ölkəmizə qarşı hansısa bir böyük bir təzyiqdən danışmaq yersizdir.

- Onların gözlədiyi təzyiq nədən ibarət idi?

- Əslində belə bir təzyiq ola da bilməzdi. Sözsüz ki, Azərbaycan belə təzyiqlər qarşısında geri çəkilməyəcək. Çünki burada söhbət Azərbaycan ərazisindən gedir. Azərbaycan qarşı tərəfə alternativ variantlar təklif edib. Sadəcə olaraq onlar istəmirlər. Azərbaycan da bütün bunların fonunda təklif etdiyi alternativ variantı beynəlxalq ictimaiyyətə geniş şəkildə izah etməlidir. Ölkəmiz qapıları bağlamır. Təklif edilir ki, dövlətin göstərdiyi yerdən yüklərin keçidi mümkün ola bilər.

- Azərbaycan Qarabağ erməniləri üçün nə təklif edir?

- Qarabağ ermənilərinin problemləri varsa, onlar Azərbaycan dövlətinə müraciət edə bilər. Ağdam-Xankəndi istiqamətindən onlara dəstək və humanitar yardım göndərilməsi mümkündür. Burada bir şərt var. O da Azərbaycan qanunlarının qəbul edilməsidir. Fakt isə odur ki, bu gün onlar Azərbaycan qanunları ilə yaşamaq istəmirlər. Digər tərəfdən də sərhəddi açıq saxlamağı tələb edirlər. Bu isə mümkün olan məsələ deyil.

- ABŞ Dövlət katibinin Prezident İlham Əliyevə telefon zəngi prosesdə nə dərəcədə təsirli ola bilər?

- Azərbaycan Prezidenti Entoni Blinkenə ermənilər hansı təxribatlara əl atdığını izah etdi. Eyni zamanda Azərbaycanın təklif etdiyi alternativ variantın da olduğu irəli sürüldü.

- Avropa İttifaqının Ağdam-Xankəndi yolu ilə bağlı Brüssel görüşünün nəticəsi olaraq vermiş olduğu açıqlaması var. Erməni tərəfinin israrla bundan imtina etməsi nə ilə bağlıdır?

- Azərbaycan sözsüz ki, bu məsələdə geri addım atmayacaq. Çünki buna imkan verilsə, bunun davamı yenə də gələcək. Deyəcəklər ki, “presedent olub, yolu açıq saxlayın biz istədiyimiz yükü oradan keçirmək iqtidarındayıq”. Liderlərin Brüssel görüşündə Ağdam-Xankəndi yolu məsələsi gündəmə gəlmişdi. Şarl Mişelin görüşün yekunlarına dair bəyanatında Ağdam ifadəsi tələffüz edilmişdi. O demişdi ki, “belə bir variant var”. Əslində bu məsələnin bəyanata salınması Azərbaycanın diplomatik uğuru idi. Bu o deməkdir ki, Ağdam-Xankəndi yolu beynəlxlaq aləm tərəfindən tələffüz edilir. Sadəcə olaraq biz bunu daha çox təbliğ etməliyik.

- Ermənistan üçün hansı seçim imkanları qalıb?

- Burada erməni tərəfi üçün iki yol var. Onlar ya o yükləri geriyə İrəvana qaytaracaqlar, ya da Azərbaycanın dediyini qəbul edəcəklər. Burada da maraq doğuran məqam odur ki, başqa bir ölkə Azərbaycan daxilinə niyə yük daşımalıdır? Çünki bu ölkə bizim ərazi bütövlüyümüzü tanımır, iki dövlət arasında hansısa bir ticarət sazişi yoxdur, o yüklərin gömrük məsələsi bilinmir necə olunur və s? Ona görə də, buna da əslində bir növ qadağalar tətbiq ediləcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər