1 Avqust 2023 21:09
3 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix boyu ermənilər azərbaycanlılara, müsəlmanlara qarşı törətdiyi soyqımı, etnik təmizləmə cinayətlərinin heç birində özlərini günahkar hesab etmirlər. Riyakarcasına özlərinin günahsız olduğunu iddia edirlər. Sözsüz ki, bu yanaşmanı sərgiləmək üçün ən azı erməni olmaq lazımdır. Fakt odur ki Xocalıda, Malıbəylidə Meşəlidə, Başlıbeldə və digər ərazilərimizdə ermənilər azərbaycanlılara qarşı amansızcasına divan tutub, insanlıq əleyhinə cinayət, soyqırımı törədib. Təbii ki, tarix qarşısında onların bu qanlı əməlləri cavabsız qala bilməzdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Laçın postunda Xocalıda, Meşəlidə azərbaycanlılara divan tutmuş hərbi canı Vaqif Xaçatryanın həbs edilməsi tarixi ədalətin bərpası deməkdir:

“Çünki Xaçatryan vaxtilə azərbaycanlılara qarşı olduqca amasız olub. Erməni əsirliyindən azad edilmiş insanlar bu gün həmin terrorçunun onların başına hansı müsibətləri gətirdiyini danışır. O terrorçu Monte Melkonyanın dəstəsi ilə Qaradağlıda, Meşəlidə, Cəmillidə dinc azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilib”.

Millət vəkili hesab edir ki, Vaqif Xaçatryan və onun üzvü olduğu terror dəstələri ilə bağlı Azərbaycan tərəfindən 1991-ci ildə aparılan istintaq materiallarında cinayət əməlləri sübut edilib:

“1992-ci il və ondan sonrakı illərdə də bu terrorçuların əməlləri aparılan istintaq materiallarında təsbit edilib. Ona görə də, bu gün Ermənistanda, Xankəndidə kimlərsə onun günahsız olduğunu iddia edirsə, o dövrün video materiallarına, kadrlarına, canlı şahidlərin ifadələrinə baxsın”.

Elman Məmmədova görə, o vaxt ermənilər yaşayan kəndlərin hər birinin özünün ayrıca quldur dəstəsi var idi:

“Vaqif Xaçatryan da bu dəstələrdən birinə başçılıq edirdi. Onu orada azərbaycanlı kimi qələmə vermək də başqa bir planlarla bağlı olub. Çünki onlar bir çox cinayətləri bu adla törədərək azərbaycanlıları ittiham edirdilər. Həmçinin Xaçatryanın cinayətləri tək Meşəlidəki qırğınlarla bitmir. Ətrafda olan bütün Azərbaycan kəndlərinə bu quldurlar hücumlar edirdi. Bu hücumlar isə vahid mərkəzdən idarə olunurdu. Onlara komanda verilən kimi azərbaycanlılara qarşı hücuma keçib qan tökürdülər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər