"İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçaturyanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur".
Teleqraf.com xəbər verir ki, bu, Azərbaycan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
"Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir", - məlumatda qeyd edilib.