4 Avqust 2023 11:50
22 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, Qarabağ ətrafında proseslərdə gərginlik durmadan artır. Xankəndi ermənilərinin Laçın postuna gözlənilən yürüşü və Ermənistanın humanitar yardım konvoyu təxribatı fonunda proseslərin inkişaf xəttini necə xarakterizə etmək olar?

- Hazırda Ermənistanın və Qarabağdakı separatçıların təxribatları fonunda təhlükəli tendensiya yaranıb. Ermənistanı bu kimi məsələlərdə təşviq edən qüvvələr və dövlətlər var. Azərbaycanla sərhədə 19 yük maşını göndərilmişdi. Amma ötən gün yenidən iki yük maşını də bura əlavə olaraq göndərildi. Bu onu göstərir ki, müəyyən dövlətlər erməniləri bu kimi məsələlərə təhik edir, qızışdırır. Ona görə də, ermənilər tərəfindən hətta Laçın sərhəd-buraxılış məntəqəsinə hücum edib oranı açmaq haqqında fikirlər səslənir. Belə olan şəraitdə vəziyyətin hər gün bir az da mürəkkəbləşdiyini nəzərə alıb prosesə siyasətçilər qatılmalıdır. Bu məsələlər siyasi dialoq mövzusu olmalıdır. Eyni zamanda burada vəziyyətdən çıxış yolları araşdırılmalıdır.

- Sizcə, proses az müddətdə tam nəzarətə alınmasa nə baş verə bilər? Yeni gərginlik istiqamətləri haqqında nə kimi bilgilər var?

- Fakt odur ki, erməniləri qızışdırıb ortaya atıblar. Sabah əgər bir gərginlik, qarşıdurma olsa dünyaya da bunu tamam başqa cür təqdim edəcəklər. Beləliklə də həmişə olduğu kimi bir çoxu yenə də ermənilərin sözünü deyəcək. Azərbaycan indiyə kimi səbrli, təmkinli siyasət aparıb. Amma görünən odur ki, vəziyyət sadələşmək əvəzinə daha da mürəkkəbləşir. Azərbaycan Prezidenti son çıxışında ermənilərə açıq mesajlar göndərib. Eyni zamanda dialoq müstəvisində prosesin gedişinə təsir edəcək addımlar atılmalıdır. Çünki Azərbaycan tərəfindən verilən mesajlar erməni cəmiyyətində tam anlaşılmış formada qəbul edilməyib.

- Bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalını necə dəyərləndirirsiniz?

- Erməni tərəfi növbəti dəfə qarşıdurma yaratmaq, döyüşmək kimi fikirləri tirajlayır. Açıq şəkildə Ermənistan cəmiyyətinin ayrı-ayrı təbəqələrindən müharibə ritorikası səslənir. Azərbaycan bütün bunlara cavab olaraq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır. BMT-yə və digər beynəlxalq təşkilat və dövlətlərə Ermənistanın davranışları ilə bağlı çağırışlar edilməlidir. Rusiya, Fransa istisna olmaqla dünya ölkələrinə bu məsələdə ilə bağlı dəqiq informasiyalar verilib, çağırış olunmalıdır. Çünki bu iki dövlət hazırda Ermənistanın maraqlarından çıxış edir və proseslərdə qızışdırıcı mövqe sərgiləyir.

- Ermənistanın yardım konvoyları ilə bağlı israrının arxasında hansı amillər dayanır?

- Azərbaycanın qəti mövqeyi odur ki, Ermənistandan göndərilən yardım konvoyları ölkə ərazisinə buraxılmayacaq. Amma qarşı tərəfin bu maşınları geri çəkəcəyi ilə bağlı hansısa bir yanaşma görünmür. Eyni zamanda vəziyyətdən çıxış üçün tənzimləyici bir mexanizm də yoxdur. Ermənistanın arxasında dayanan dövlətlər onu açıq şəkildə bu təxribatlara təhrik edir.

- Yevlaxda erməni icması ilə görüşlə bağlı ehtimalları dəyərləndirsək, buradan gözləntilər nədən ibarətdir?

- Sözsüz ki, belə bir görüşə ehtiyac var. Amma bu görüşləri də erməni tərəfi pozur. Əvvəl bu görüş üçün Slovakiyanın paytaxtı Bratislava şəhəri təyin edilmişdi. Daha sonra Bolqarıstanın paytaxtı Sofiya şəhərini təklif etdilər. Azərbaycan təbii ki, kənarda baş tutacaq görüşlərdən imtina etdi. Ölkəmiz bunun daxili məsələ olduğunu bildirdi. Qeyd edildi ki, bu cür müzakirələr Azərbaycan ərazisi hüdudları daxilində olmalıdır. Beləliklə Ağdam və Yevlax şəhərləri erməni icması ilə görüş üçün təklif edildi. Konkret bir cavab olmasa da Yevlaxda bu görüşün olacağı açıqlanır. Təbii ki, bu görüş tərəfləri maraqlandıran məsələlərin qarşılıqlı müzakirəsi üçün effektiv platformadır. Bu tip qarşılıqlı təmaslar məsələlərin sonrakı dövrdə həllinə müsbət təsir edəcək. Sadəcə olaraq erməni icması bu kimi görüşlərə daha çox həvəsli olmalıdır. Çünki bu görüşlərdə sırf onların taleyi, gələcəyi müzakirə edilir.

- Sizcə, bu kimi görüşlər reinteqrasiya, dialoq mühitinin yaranmasına necə təsir edə bilər?

- Bu tip görüşlərin təşviq edilməsi vacibdir. Belə təmaslarda dialoq mühitinin yaranması, proseslərdən çıxış yolları tapıla bilər. Çünki Ermənistan açıq-aşkar qarşıdurmanı təşviq edir. Ermənistan müharibə vəziyyəti yaratmaq mövqeyini seçib. Onu qızışdıranlar var. Ona silah-sursat verənlər vəziyyətin dəyişməsinə çalışır. Bu da real vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər