8 Avqust 2023 10:03
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına açıqlamasında BMT ekspertlərinin Qarabağda guya “gərgin humanitar vəziyyət” in olduğu barədə açıqlamalarına və ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin Azərbaycana açıq təzyiqlərinə münasibət bildirib.

BMT-nin ölü doğulmuş təşkilat olduğunu bildirən Qüdrət Həsənquliyev qeyd edib ki, bu qurum yarandığı gündən dünyada sülhə və sabitliyə heç bir ciddi töhfə verə bilməyib: “Dünyada gərginliyi yaradan böyük nüvə dövlətləridi, onların da BMT Təhlükəsizlik Şurasında veto hüququ var. Kiçik dövlətlər nə edə bilər ki? Hazırda Ukraynada, Liviyada,Suriyada, Nigerdə və digər ölkələrdə qanlı savaş gedir, BMT nəsə edə bilirmi? Onun məzmununa uyğun adı Millətlərin Mənasız Diskussiya Klubu olmalıdı. Bu qurumdan zaman-zaman böyük güclər öz mənfur siyasətlərini həyata keçirmək üçün istifadə ediblər.

ABŞ-a gəldikdə isə Prezident Bayden ermənipərəst siyasətçidir, işğalçı Ermənistanı müdafiə etmək üçün Azərbaycana tətbiq olunan sanksiyanın - “Azadlığa Yardım Akt”ına 907-ci düzəlişin müəllifidir, pulu çox sevir, o cümlədən erməni diasporasının pulunu. Oğlunun Ukraynadan qazandığı pullar haqqında da çox yazılıb, çox danışılıb. Bayden ABŞ-ın gücünü bizə yox, Suriyada göstərməliydi, Əfqənanıstandan dovşan kimi qaçmamalıydı, ən azı Ukraynaya təzyiq edib nüvə silahını əlindən aldığı və Budapeşt memorondumunu imzaladığı üçün həm 2014-cü ildə, həm bu gün onu ləyaqətlə müdafiə etməliydi. Fransanın bizə münasibəti də eyni əsaslara görə müəyyən olunub. Bəzi qorxudulmuş kiçik Avropa ölkələri də onların ağzına baxır. Azərbaycan Qarabağda işğala son qoyub dövlət suverenliyini bərpa etməkdə qərarlı görsənir, bu istiqamətdə konkret addımlar atır və bu da onları qıcıqlandırır. Bu zaman onlar başlayırlar qanunun aliliyindən, insan haqlarından, Qərb standartlarından danışmağa. Mənim bu sözlərimdən o nəticəni çıxarmaq lazım deyil ki, bu sahədəki nöqsanlar barədə danışmamalıyıq. Yox, sadəcə insanlar bilməlidir ki, onlar niyə indi canfəşanlıq edirlər. Onların yanaşmasından belə çıxır ki, Azərbaycanda adi vətəndaşın canını da almaq olar, amma onların cəmiyyətə “böyük alim” və “əzabkeş siyasətçi” kimi sırımaq istədiyi birisinə toxunmaq olmaz. Əvvəllər də siyasi motivlərlə həbs olunduğu iddia olunan adamlar olub, amma belə reaksiya olmayıb. Bu da mənim dediklərimi təsdiq edir. Allah günahsız tutlan bütün məhbusların qapısını açsın. Azərbaycan Qarabağ məsələsində qətiyyətli mövqe sərgiləməkdə davam etməli, ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. Bölgədə sülhün olmasını, demokratiyanın inkişafını və xalqların rifanı istəyənlər Ermənistandan tələb etməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalasın. Bunu etməyənlər çirkin məqsədlər naminə boşboğazlıq edənlərdir. Azərbaycan müttəfiqləri və qonşu ölkələrlə əməkdaşlığı genişləndirməli, öz xalqının maraqları naminə, Avropa ölkəsi kimi minimum Avropa standartlarına cavab vermək və inkişafımızı sürətləndirmək üçün islahatlar həyata keçirməlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər