Prezident İlham Əliyevin regionlara səfərləri ənənəyə çevrilib. Ölkə başçısının növbəti səfəri Şəmkir, Samux, Qazax və Bərdə rayonlarına olub. Ölkə başçısı səfər çərçivəsində regionlarda görülən işlərlə, inkişaf prosesləri ilə yerində tanış olub, həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyələrini verib. Görülən işlərə Ali nəzarətin olması sözsüz ki, regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi baxımından stimullaşdırıcı amildir. Bu baxımdan ölkə başçısının bölgələrə mütəmadi səfərləri nəticəsində regionlarda yaşayan əhali Azərbaycan Prezidentinin simasında dövlətin diqqət və qayğısını birbaşa hiss edir və bunu yüksək qiymətləndirir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir: “Artıq dördüncüsü icra olunan dövlət proqramının uğurlu nəticələri bütün regionlarda özünü göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb. 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisi hesab edilir. Azərbaycan dövləti Lüksemburq və Livan kimi ölkələrdən daha böyük əraziləri xaricdən heç bir maliyyə dəstəyi almadan, yalnız öz iqtisadi gücü hesabına bərpa edir”.
Millət vəkili Prezidentin regionlara səfəri çərçivəsində bir çox sosial-infrastruktur layihələrinin açılışlarının edildiyini bildirib: “Ölkə başçısının Qazax şəhərinə səfəri rayondakı su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, “Bakı-Qazax-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin, “Venzana” mebel fabrikinin istifadəyə verilməsi ilə yadda qalıb. Həmçinin Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin, Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının, Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı edilib. Bütün bunlar regionların inkişafının dövlətin diqqətində olduğunun əyani göstəricisidir. Eyni zamanda bu amillər regionlarda yaşayan əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına, vətəndaşların məşğulluğunun, şəhər, rayon və kəndlərin mənzərəsinin köklü şəkildə dəyişməsinə müsbət təsir edir”.
Tamam Cəfərova dünyada baş verən siyasi kataklizmlər, iqtisadi böhran fonunda Azərbaycanda dinamik inkişafına diqqət çəkib: “Azərbaycan özünün yerləşdiyi geosiyasi mövqeyindən səmərəli istifadə edərək yeni iqtisadi imkanlar təqdim etməklə formalaşmaqda olan dünya nizamının aparıcı aktorlarından birinə çevrilib. Bu xüsusda təməli qoyulan iqtisadi layihələr və beynəlxalq tranzit marşurutlarının yaradılması ölkəmizin dayanıqlı iqtisadiyyatının formalaşmasına təkan verib. Azərbaycanın dünyanın önəmli tranzit ölkələrindən birinə çevirilməsində mühüm rol oynayıb. Bütün bunların mərkəzində dövlətin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət dayanır. Ölkəmizdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilini ön plana çıxarır. Bu Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayandığını, vətəndaşların maraq və mənafelərinin hər şeydən üstün olduğunu göstərir”.