16 Avqust 2023 14:20
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan və Ermənistan sülh gündəmindən niyə bu qədər uzaqlaşdı? Nə baş verdi ki, proses yenidən toqquşmanın astanasına gəlib çıxdı?

- Rusiya istəmir ki, Ermənistan və Azərbaycan münaqişəni qurtarsın. İstəmir ki, burada sülh olsun, ermənilərlə azərbaycanlılar barışandan sonra öz qoçunlarını Cənubi Qafqazdan çıxarmalı olsun. Rusiyanın Ermənistana təzyiq alətləri var, bundan da yararlanır. Ermənistan iqtisadiyyatına, ordusuna, təhlükəsizlik qurumlarına, müxalifətinə, hakimiyyətinə nəzarət edir. Bütün bu alətləri işə salıb Paşinyanı məcbur edir ki, geri çəkilsin, süründürməçiliklə məşğul olsun, sülh müqaviləsini imzalamağı ləngitsin. Bu, Rusiyanın mövqeyidir. Bu çərçivədə ona Fransa və müəyyən mənada Amerika da yardımçıdır.

İndi hər şey Azərbaycan və Ermənistan xalqlarının iradəsindən asılıdır. Ermənistan xalqı isə aldadılıb, işlərin mahiyyətini anlamır. Başa düşmürlər ki, irəli sürülən tələblər son nəticədə Rusiya qoşunlarının qalmasına xidmət edir.

- Azərbaycana qarşı kənar təpkilərin miqyası niyə belə geniş oldu?

- Təpkilər geniş deyil. Azərbaycana nə edə bilərlər? Azərbaycan əlini açıb sədəqə dilənmir, kimdənsə maliyyə yardımı istəmir, özünün pulu var. İkincisi, Azərbaycan hərbi yardıma da möhtac deyil, öz ordusu və silahları var, bu da ona kifayət edir. Üçüncüsü, Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranır. Heç kim ona deyə bilməz ki, sən öz ərazilərində suveren hüquqlarını həyata keçirmə, yaxud qanunsuz hərbi birləşmələri öz ərazində saxla. Azərbaycanın mövqeyi elədir ki, heç kim ona nəsə deyə bilməz.

Ermənistan şüvən qoparır ki, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı qətnamə qəbul edə bilər. Birincisi, çıxara bilməz. Çünki orada ziddiyyətlər kifayət qədər kəskindir. İkincisi, çıxarsa belə, bu, heç nə dəyişməyəcək. BMT-nin bundan əvvəl Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı 4 qətnaməsi vardı. Nə oldu? İndi çıxarsa belə, heç nə olmayacaq, Ermənistan Azərbaycandan qat-qat zəif dövlətdir. Biz də heç bir qətnaməyə məhəl qoymadan öz siyasətimizi yürüdə bilərik.

- Son gərginlikdə daha çox Fransanın adı hallandırılır. Fransa nə istəyir, hansı hesabları var?

- Fransa istəyir ki, Cənubi Qafqazı nəzarətə götürsün. Bunun üçün ermənilərdən alət kimi istifadə edir. Amma anlamır ki, ondan qat-qat güclü dövlətlər bölgədə nüfuz sahibidirlər. Rusiya, Türkiyə və sair. Onlar heç vaxt imkan verməzlər ki, Fransa gəlib burada bir nömrəli oyunçu olsun.

- Hindistanın Ermənistanı silahlandırması da müzakirə mövzusudur. Hindistanın bizdən verib ala bilmədiyi nədir ki, düşmənimizi dəstəkləyir?

- 44 günlük müharibədə Azərbaycanın üç əsas müttəfiq vardı: Türkiyə, Pakistan, İsrail. Pakistan kimdir? Hindistanın rəqibi. Hindistan soyuqqanlılıqla baxa bilmir ki, Pakistanın Cənubi Qafqazda nüfuzu artır, bölgədə özünə pulu, imkanı və böyük əhalisi olan bir müttəfiq qazanır. Buna görə də, Azərbaycanın rəqibi Ermənistanı dəstəkləyir.

Hindistan Ermənistana hansı silahları verir? Həmin silahlar Fransanın lisenziyası ilə istehsal olunur. Fransa da Hindistana icazə verir ki, həmin silahları Ermənistana satsın. Hindistan istəyir ki, öz hərbi sənaye kompleksinin xaricdə müştəriləri olsun, mal satsın, pul qazansın. İstəyir ki, dünya silah bazarına girsin, burada özünə müştəri qazansın.

- Ermənistanın özü niyə sülhdən uzaqlaşır? Belə deyək, niyə hər dəfə kənar təsirlərin təşviqində könüllü olur?

- İlk növbədə, Ermənistan rəhbərliyi öz ölkəsinin mənafeyindən çıxış edir. İstənilən ölkənin rəhbəri öz maraqlarını güdür. Ermənistan baş naziri də unutmur ki, hansısa sülh sazişinin imzalanmasına getsə, onu öldürə də, devirə də bilərlər. Bunu unutmur. Buna görə də çox ehtiyatlı tərpənir və erməni xalqına çox xeyrli olacaq sülh müqaviləsini imzalamır, tam həqiqəti xalqına demir. Erməni xalqının isə 150 ildir sərsəm xülyalarla beynini doldururlar, nəticədə gerçəklər haqda dürüst məlumatlara, təsəvvürlərə malik deyillər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər