Avqustun 16-da da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə Azərbaycan növbəti dəfə Ermənistan üzərində diplomatik qələbə qazanaraq, onun yalanlarını ifşa etdi. Ölkəmiz nümayiş etdirdiyi mövqe ilə bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə olan tərəfdir. Azərbaycanın əsaslandırılmış və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mövqeyi, habelə TŞ-nin daimi və müvəqqəti üzvlərinin problemə ədalətli yanaşması göstərdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə haqlıdır və onun nəticələrinin geriyə dönüşü yoxdur. Bu baxımdan İrəvan Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticəsindən dərs çıxarmalıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, rəsmi Bakı Qarabağ ermənilərinin blokadası ilə bağlı fikirlərin əsassız olduğunu dünya ictimaiyyətinə sübut etdi: “Azərbaycanın bu diplomatik qələbəsi tək Ermənistan və separatçıların deyil, onları dəstəkləyən, ölkəmizə və xalqımıza qarşı qərəzli mövqedə duran bəzi dövlətlərin də iflasıdır. Həmin dövlətlər ötən otuz ildə sözdə münaqişənin həlli üçün bəzi ədalətli qərarlar qəbul etməklə, əməldə təcavüzkarın yanında yer aldılar. Bunun ən bariz nümunəsi, Ermənistanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamənin (822, 853, 874 və 884) qəbul olunması və bu qətnamələrdə ermənilərin təcavüzkar siyasətinin pislənməsi və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının birmənalı şəkildə tələb olunmasıdır. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan öz havadarlarına arxalanaraq işğalçı siyasətini daha da genişləndirmək məqsədilə 2020-ci ilin sentyabrın 27-də yenidən Azərbaycan üzərinə hücuma keçdi. Şanlı Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına başladı. Bununla da Azərbaycan BMT-nin müvafiq qətnamələrini təkbaşına icra etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərimizi erməni işğalından azad etməklə bərabər, beynəlxalq ədaləti bərpa etmiş oldu”.
Deputat bildirib ki, Azərbaycanın BMT TŞ-nin iclasında ortaya qoyduğu konkret faktlar, fotolar və digər təkzibedilməz dəlillər Qarabağdakı ermənilərin guya blokada vəziyyətində yaşadığı, bölgədə humanitar fəlakətin baş verdiyi kimi absurd fikirlər ifşa edildi: “Ölkəmiz dünyaya göstərdi ki, rəsmi İrəvan, eləcə də xaricdəki erməni lobbisi öz yalanları ilə bəşəriyyəti aldadır, beynəlxalq ictimai rəyi yanıltmağa çalışır. Rəsmi Bakı konkret arqumentlərlə dünya sübut etdi ki, Ermənistan hər zaman olduğu kimi bu gün də beynəlxalq miqyasda “yalan ixracı” və manipulyasiya ilə məşğuldur. BMT Təhlükəsizlik Şurasının iclasının məlum nəticəsi ölkəmizin sadəcə hərbi sahədə deyil, həm də diplomatik müstəvidə nə qədər güclü olduğunu bir kəs daha ortaya qoydu. Bu fakt göstərdi ki, Azərbaycan erməni yalanlarına qarşı çevik və effektiv mübarizə aparır, İrəvanın dezinformasiya siyasətini uğurla ifşa edir. Ona görə də, İrəvan Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticəsindən dərs çıxarmalı, yalan və böhtanları bir kənara qoymalıdır”.
Millət vəkili hesab edir ki, II Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən ağıllanmayan ermənilər üçün BMT TŞ-nin nəticələri növbəti siqnal olmalıdır: “Bu günkü reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünən Ermənistan hakimiyyəti, lobbi təşkilatları və havadarları gec də olsa dərk etməlidirlər ki, rəsmi İrəvan daha böyük fiasko ilə qarşı-qarşıya qala bilər. Bu müzakirələrin yekunu həm də onu təsdiqlədi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir. Bununla Ermənistanın və separatçıların tör-töküntülərinin diqqətinə çatdırılır ki, ermənilərin Laçın yolunu “dünya birliyi ilə əlaqə yolu” sayması səhvdir. Ərazi Azərbaycanındır. Yolu da o müəyyən edir. Dünya Cənubi Qafqaz və bütövlükdə bölgə ilə bağlı Azərbaycanla hesablaşır və diktə edən tərəf rəsmi Bakıdır”.
Tamam Cəfərova sözügedən iclasda bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirərək işğalçı Ermənistanı dəstəkləməsi Azərbaycanı problemi hüquqi müstəvidə həll etmək iradəsindən döndərmədiyini söyləyib: “Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Azərbaycan 90-cı illərdəki böhran içərisindəki dövlət deyil. Bu gün Azərbaycanda güclü siyasi iradə, daxili sabitlik, davamlı inkişaf mövcuddur. Azərbaycanın tarixən olmadığı qədər inkişaf etmiş iqtisadiyyatı, nizami ordusu, güclü tərəfdaşları və ölkəmizin bütün çətinlikləri aşaraq modern dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün əzm və iradə nümayiş etdirən Lideri var”.