21 Avqust 2023 19:42
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Macarıstan arasında tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Macarıstanın öz tarixi köklərinə qayıdaraq türk dövlətləri ilə yüksək səviyyədə əlaqələrin qurulmasında və gələcəkdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaqda maraqlı olması Azərbaycan və Macarıstan arasında əlaqələrin perspektivinin hər iki ölkə üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Eyni zamanda, iki ölkə bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu baxımdan deməliyik ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün siyasi, iqtisadi, humanitar sahələr başda olmaqla bir çox istiqamətlərdə strateji tərəfdaşlardan biridir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan və Macarıstan arasında əlaqələr tarixi köklərə malikdir:

"XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Tarixdən gələn dostluq münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Heç təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Həmçinin, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinii tanıyan və dəstəkləyən ilk dövlətlərdən biri kimi həmin dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam etdirir. Macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir. Bunlarla yanaşı, Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa olduqca mühüm önəm verir. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bütün dünyaya məlumdur. Macarıstan da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Dost ölkə Macarıstan Cənub Qaz Dəhlizi layihəsini ilk gündən dəstəkləyir və bu layihəyə öz marağını nümayiş etdirib".

Millət vəkili bildirib ki, bu fakt özlüyündə iki ölkə arasında tarixdən gələn dostluq münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini deməyə əsas verir:

“Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Bu gün də iki dost ölkə arasında münasibətlər ortaq strateji hədəflərə əsaslanaraq uğurla inkişaf edir. Bunlarla yanaşı, Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri olduqca yüksək səviyyədə inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verilir. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

Bu baxımdan deməliyik ki, ölkə Başçısı Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq ruhunda inkişaf etdiyini deməyə əsas verir. Onu da qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın Baş naziri Viktor Orban ilə birlikdə atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyiblər. Atletika üzrə dünya çempionatı ilk dəfədir Budapeştdə keçirilir. Macarıstanın ev sahibliyi etdiyi ən böyük idman yarışı olan atletika üzrə dünya çempionatına baxanlar arasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də olub".

Tamam Cəfərova vurğulayıb ki, Macarıstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə həyata keçirdiyi xarici siyasətin prioritet istiqamətlərindən biridir:

"Macarıstan hazırkı dövrdə orta güc hesab edilir. Cənab Prezident İlham Əliyevin dost ölkə Macarıstana səfəri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".


Müəllif: Tapdıq Qurbanlı