Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Fransa Azərbaycana qarşı fəaliyyətini davam etdirir. Sizcə, Fransa Azərbaycandan nə istəyir, məqsəd həqiqətən erməniləri müdafiədir, ya bunun üzərindən başqa maraqlarının reallaşmasına çalışır?
- Fransa uzun müddətdir Azərbaycanla münasibətlərini gərginləşdirməklə məşğuldur. Bunun səbəbi təkcə ermənilərlə bağlı deyil. Fransa həm də özünü sübut etməyə çalışır. Buna Avropa Birliyi daxilində gedən nüfuz savaşının təzahürlərindən biri kimi də baxmaq olar. Fransa da bu yarışda önə çıxmağa cəhd göstərir. Xüsusən Britaniyanın Avropa Birliyindən çıxmasından sonra onun yerinə iddialıdır.
Makron Fransanı “Avropa Birliyinin aparıcı dövləti”nə çevirmək istəyir. Hətta Makron bu məqsədlə Avropa Birliyinin öz ordusunun olması təşəbbüsünü irəli sürmüşdü. Əlbəttə, ABŞ və NATO tərəfindən etirazla qarşılanan bu təklif həyata keçmədi. Yəni Fransa hansısa formada özünü, gücünü göstərməyə çalışır. Amma Makronun əl atdığı hər şeyi üz-gözünə bulaşdırdığını görürük.
“Böyüklük” iddiasında olan Fransa üçün Cənubi Qafqaz da özünü göstərmək istədiyi məkanlardan biridir. Eyni zamanda, Fransada yaşayan zəngin ermənilər Makronun seçki kampaniyasını maliyyələşdirmişdilər. Üstəgəl, bu ölkədə xeyli sayda erməni seçici var, hər siyasətçi onların səslərini almaq üçün nəsə etməyə çalışır. Yəni Makronun Ermənistana verdiyi dəstək Fransadakı erməni diasporu və lobbisindən qaynaqlanır.
Fransanın Afrikada müstəmləkələri var. Artıq həmin ölkələr Fransanı öz ərazilərindən çıxarmağa başlayıblar. Bu prosesə Rusiya da, yeri gələndə Türkiyə də dəstək verir. İndi Afrikadan sürətlə çıxarılan Fransa özünü və gücünü başqa regionlarda sınamağa çalışır. Bu baxımdan, bölgədə Ermənistanla Azərbaycan arasında davam edən gərginlikdən Fransa da faydalanmaq, daha doğrusu, regiona girmək istəyir.
Təsadüfi deyil ki, Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının əksəriyyəti fransızlardır. Yəni bölgədə maraqları olan Fransa bura Ermənistan üzərindən girməyə cəhd göstərir. Halbuki regionun açar dövləti Ermənistan yox, Azərbaycandır. Amma Fransanın Azərbaycanı gözardı edərək öz hədəflərinə nail ola biləcəyini düşünmürəm.
- Rusiya və Ermənistan arasında da gərginlik yaşanır. Rusiya rəsmisi Mariya Zaxarova baş verənlərə görə Ermənistanı ittiham etdi, erməni həmkarı Ani Badalyan isə ona təhqiredici cavab verdi. Aşkar şəkildə Qərblə flört edən və Rusiyanı aşağılamaqdan çəkinməyən Ermənistan Moskva tərəfindən cəzalandırıla bilərmi?
- Rusiya-Ermənistan münasibətləri uzun müddətdir gərgindir. Bu gərginlik Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlayıb. Buna baxmayaraq, Paşinyan ikitərəfli oynamağa çalışırdı. Amma Ermənistan baş nazirinin daha çox Qərbə meyllənməsi Rusiyanın xoşuna gəlmir. Rusiya Ermənistanın Ukraynada müharibə vəziyyətində olduğu Avropa Birliyinə yaxşınlaşmasını qəbul edə bilməzdi. Bu, Moskvada satqınlıq kimi qəbul edilir. Zaxarovanın bəyanatı da bununla əlaqəlidir.
Rusiya sülhməramlıları Qarabağda ola-ola Ermənistan beynəlxalq sülhməramlı missiyanın bölgəyə gəlməsinə çalışır. Moskvanı qəzəbləndirən amillərdən biri də budur. Üstəgəl, Ermənistan KTMT-nin nüfuzuna zərbə vuran gedişlər edir, Rusiyanın öz ərazisindəki hərbi bazalarının çıxarılması məsələsini gündəmə gətirir. Moskva bunu Ermənistanın Qərbin dəstəyi ilə onu bölgədə sıxışdırması kimi qəbul edir.
Rusiya Ermənistanın üz tutduğu yolla razılaşa bilmir. Rusiya Ermənistandan seçim tələb edir ki, kimin yanındasan? Ermənistan ortada qalıb, kimin yanına gedəcəyini bilmir, yekun qərarı verməkdən çəkinir. Rusiya görür ki, Qərbə daha çox meyllidirlər. Amma hələlik Ermənistanı həm vurur, həm də sığallayır. Nəticə Ermənistanın atacağı addımlardan asılı olacaq.
Əgər ortada bir satqınlıq ittihamı varsa, Putinin – Rusiya liderinin bunun üstündən sükuta keçəcəyini düşünmürəm. Onun belə məsələlərdə sərt olduğunu görmüşük. Cəza mexanizmi hər an işə düşə bilər. Buna ehtiyac olacaq, ya yox – gedişat göstərəcək.
- Xankəndidəki separatçı rejimin gələcəyini necə proqnozlaşdırırsınız? Artıq baş separatçı Araik Arutyunyan geri çəkildiyini açıqlayıb, parçalanma aşkar görünür. Hesab edirsinizmi ki, tam dağılma üçün son zərbəni Bakı vuracaq?
- Bakı artıq hərəkətə keçib. Araikin separatçı komandadan ayrılması, onlar arasındakı çaxnaşma və parçalanmanın təzahürüdür. Ermənistan rəhbərliyi ilə separatçılar arasında ciddi fikir ayrılıqları və gərginlik var, bir araya gələ bilmirlər.
Separatçılar daxilindəki bu parçalanma 44 günlük müharibədən sonra başlayıb və bundan sonra atdığımız addımlarla güclənib. Azərbaycan öz ərazilərinin böyük hissəsini separatçılardan təmziləyib, qalan hissəsi də lokal antiterror əməliyyatları ilə təmizlənir. Artıq separatçılar öz daxilindəki parçalanmanı gizlədə bilmirlər, bu da onların sonunu gətirəcək.
Bu durumdan istifadə edib məsələni birdəfəlik bitirməliyik. Artıq Ermənistan rəhbərliyi də onlara dəstək vermək istəmir, bu, onları bir qədər də bölür. Belə desək, separatçılar öz-özlərini bitirməyə başlayıblar.
Prosesdə Ermənistanın da üzərinə düşən iş var: Xankəndi və ətrafındakı hərbi birləşmələrini çıxarmalıdır. Əgər Ermənistan normal qonşuluq münasibəti istəyirsə, Azərbaycan bunu etmədən özü etməlidir. Bunu orada yaşayan dinc ermənilər də istəməlidir. İstəməyəcəklərsə, bunu biz özümüz həll edəcəyik. Bunun kiçik və ya böyük əməliyyatlarla olması mümkündür.
Gec-tez Xankəndiyə daxil olacağıq, buranı və ətraf əraziləri separatçılardan təmizləyəcəyik. Artıq işin bitmə nöqtəsinə yaxınlaşdığını düşünürəm. Biz hələlik məsələnin dinc yolla həllinə üstünlük verir, əgər onlar alternativ varianta hazırdırlarsa, biz çoxdan hazırıq.