Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbə inteqrasiya edib Rusiyadan xilas olmağı düşünür. Onun Qarabağla bağlı planları da fərqlidir. Hətta Qarabağ məsələsində ruslar erməniləri müdafiə etsə belə, Ermənistan Avropaya istiqamətlənmiş xətti pozmaq niyyətində deyil. Erməni tərəfi Rusiyanın dünya siyasətində əsas sözə malik olmadığını, Ukrayna ilə müharibədə ciddi məğlubiyyətə uğradığını dərk edərək ondan sürətlə uzaqlaşmağı planlaşdırıb.
Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O qeyd edib ki, əslində bu, erməni xarakteri ilə bağlı olan məsələdir:
“Ermənilər həmişə qaliblərin yanında yer tutmaq, onlarla bir yerdə olmaq istəyir. I Dünya müharibəsində də ermənilər Fransa ilə əlbir olub Osmanlıya qarşı çıxış etdilər. İndi də avropalılarla birləşən ermənilər Rusiyadan üz çevirir. Görünən odur ki, Paşinyan iqtidarı Rusiya ilə yanaşı İrandan da imtina edib. Fakt odur ki, İran Ermənistana münasibətini dəyişib Azərbaycanın yanına qaçıb”.
Partiya sədri hesab edir ki, Putinin hədə-qorxusu Paşinyana təsir etməyəcək:
“Məqsəd Ermənistanın Rusiyanın təsirindən çıxarılmasıdır. Rusiya Paşinyanın hərəkətlərindən çox ciddi narahalıq keçirir. Onun bu məsələdə qalib çıxıb-çıxmayacağı məlum deyil. Amma Rusiya-Ermənistan gərginliyi fonunda Azərbaycanla yaşanan proseslər də diqqətdən yayınmamalıdır”.
Sərdar Cəlaloğlu bildirib ki, bölgədə Azərbaycan-Ermənistan arasında yaranacaq yeni bir müharibə sadəcə olaraq Rusiya üçün sərfəlidir:
“Paşinyan da yeni toqquşmadan ziyanlı çıxacağını bilir. Erməni ordusunda olan daşnaklar və Rusiyanın əlaltıları vasitəsi ilə yaradılan bir gərginliyik var. Təbii ki, Azərbaycanla yeni bir müharibə Rusiyanın bölgədə daha çox qalması deməkdir”.