Hazırkı dövrdə Ermənistan-Rusiya münasibətlərində radikal dəyişiklik gözlənilmir. Bunun da əsas səbəbi Ermənistanın iddia etdiyi kimi deyil. Çünki Ermənistan Rusiya tərəfindən təhlükəsizliyinin təmin olunmadığını bildirir. Bu, Ermənistanın Azərbaycana ərazi iddiası iddiası ilə bağlıdır. Erməni tərəfi bu iddiasında Rusiyanın dəstəyini istəyir.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Ermənistandan Rusiyaya hazırda bir sıra sanksiya tətbiq edilmiş məhsullar daşınır:
“Qərbin müvafiq sanksiyalarına baxmayaraq, Ermənistan Rusiyaya indiki şəraitdə yardım edir. Burada müvafiq avadanlıqların və s. malların alınıb Rusiyaya göndərilməsi məsələsi var. Çünki Ermənistan bundan böyük gəlir götürür. Rusiyadan da bir sıra biznes strukturları Ermənistana köçüb. Yəni bu proses davam edir”.
Mərkəz sədri hesab edir ki, Ermənistanın Rusiya ilə bağlı davranışları daha çox şou xarakteri daşıyır:
“Çünki Paşinyanın istəyi odur ki, Qərb gəlib bölgədə Azərbaycana böyük təsir göstərsin. Ona görə də, bu cür süni gərginlik görüntüsü yaradılır”.
Fərid Şəfiyevə görə, Rusiya-Ermənistan arasında hansısa bir strateji dəyişikliyin baş verməsi gözlənilmir:
“Hətta ABŞ Dövlət Deparatamentinin nümayəndəsi bu məsələ ilə bağlı açıq möve ifadə etdi. O da qeyd etdi ki, biz Ermənistandan radikal addım atıldığını görmürük. Burada Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən çıxması kimi radikal qərarların verilməsinin nəzərdə tutulduğu deyilir”.