Amerika Konqresinin üzvləri ikiüzlü siyasət yeridərək Azərbaycanda guya humanitar ehtiyacları olan ərazisində yaşayan, bizim vətəndaşlarımız olan ermənilərlə bağlı onların qayğılarını dilə gətirirlər. Yüzillərdir demokratiya dərsi keçmək istəyən ABŞ Azərbaycan torpağında yaşayan bir qrup insanların "humanitar fəlakət"indən söz açmağa başlayıblar. Halbuki Azərbaycan dövləti onların ərzaq və qida ilə təminat olunması, tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı lazımi bütün tədbirləri görür. 1992-ci ildə bir qrup azğınlaşmış senator müstəqil xətt yeridərək öz azadlığını təmin edən Azərbaycanın inkişafı onlara mane olduğu üçün 907-ci düzəlişin qəbul olunmasına çalışmışdı. Həmin dövrdən bu günə qədər Azərbaycana qarşı qeyri-humanist, riyakar siyasət yürütməkdə davam edirlər.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
Onun sözlərinə görə, ikili standartlar dünya miqyasında necə tətbiq olunursa, elə də davam edir: “Necə ola bilər humanitar böhran yaşandığı iddia edilən Xankəndidə Azərbaycan vətəndaşı hesab olunan adamlar çox azad şəkildə yaşayır, işləyir, ərzaq, ilkin tibbi yardım və digər təminatları tam ödənir. Antikonstitusiyon qaydada “prezident seçki”ləri keçirməklə, havadarlarından aldıqları təminat və maddi yardım hesabına Azərbaycan dövlətinin nüfuzuna zərər gətirən hərəkətlər etməklə dünyada türk dünyasına qarşı bir cəbhə açmış olurlar”.
Məhəmməd İmanlı qeyd edib ki, İslama qarşı kobud və təhqiramiz hərəkətlər edən Avropa ölkələrinə qarşı bir senatorun səsi çıxmır: “Onlar ən azı müqəddəs kitabımızın yandırılmasına reaksiya verməli idilər. Dünyanın hər tərəfində insan haqları pozulsa belə ona təpki göstərmirlər. Hesab edirəm ki, Ali Baş Komandanın, onun müzəffər ordusunun qüdrətli Azərbaycan xalqının həmrəyliyi nəticəsində hər hansı bir konqresin və ya senatın Azərbaycana qarşı tələb irəli sürməsi və bu tələblərin gerçəkləşməsi heç bir əhəmiyyət kəsb etmir”.