20 Sentyabr 2023 12:48
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində Konstitusiya quruluşunun bərpası ilə bağlı zəruri addımlar atılır. Bununla bağlı tələb edilən bütün prinsiplər təmin olunacaq. Azərbaycan ərazisində qeyri-qanuni silahlı dəstələrin, separatçıların, terrorçuların fəaliyyətinə son qoyulacaq. Onlar ya tərksilah ediləcək, ya Azərbaycan ərazisindən qaçacaqlar, ya da məhv olacaqlar. Bundan başqa çıxış yolu yoxdur. Çünki son 3 il ərzində Azərbaycan tərəfi səbr, təmkin nümayiş etdirərək erməni tərəfini imza atdığı üçtərəfli bəyanatın müddəalarının şərtlərini icra etməyə dəvət etdi.

Bu sözləri Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, erməni tərəfi təəssüf ki, bunu başa düşmədi, dərk etmədi:

“Bunun əksinə olaraq yenidən revanşist qüvvələr baş qaldırmağa cəhd göstərdi. Azərbaycan Prezidenti bununla bağlı dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmişdi. Ölkə başçısı açıq şəkildə bildirmişdi ki, kimsə Azərbaycanın suverenliyinə təhidid yaradacaqsa, yenidən "Dəmir Yumruq" onların başlarına endiriləcək”.

Səməd Seyidov bildirib ki, bu gün də Azərbaycan beynəlxalq qanunlara uyğun davranış sərgiləyir:

“Bu gün Azərbaycan tərəfi antiterror tədbirlərində mülki əhalini və obyektləri hədəf almır. Antiterror tədbirləri birbaşa legitim hərbi obyektlərə və separatçılara qarşı yönəlib. Əminik ki, tezliklə bu məsələlər öz həllini tapacaq”.

Millət vəkili vurğulayıb ki, beynəlxalq ictimaiyyət yenə də erməni yalanları ətrafında məsələləri şişirtmək istəyir:

“Fakt odur ki, Ermənistan özü belə Qarabağda olanları Azərbaycanın daxili işi hesab edir. Rusiya da eyni mövqedədir. Hətta Fransanın “Le Monde” nəşri bugünkü sayında “Qarabağda olan qondarma rejimi Ermənistanın özü də daxil olmaqla heç kəsin tanımadığını” qeyd edib. Ötən gün ABŞ Dövlət Katibi Entoni Blinkenlə Prezident İlham Əliyev arasındakı telefon danışığında da Azərbaycanın öz ərazisində beynəlxalq qanuna uyğun antiterror tədbirlərinin icra edilməsi ilə bağlı məsələlər konkret və açıq şəkildə ifadə olunub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər