Ermənilərlə görüş üçün Yevlax şəhərinin seçilməsinin strateji əhəmiyyəti var. Yevlaxın qədim adı Ərəş olub. Hazırda da Yevlaxın Ərəş kəndi var. Ərəş sözünün mənası məğlubiyyət deməkdir. Hesab edirəm ki, ermənilər artıq öz məğlubiyyətlərini anlayaraq gəlib keçmiş Ərəş, indiki Yevlaxda imza atacaqlar.
Bu sözləri Teleqraf.com-a tarixçi alim Zaur Əliyev deyib.
"Dəli Kür filmi o ərazidə çəkilib. Ermənilər çoxsaylı azərbaycanlıları öldürüblər. Hələ 2018-2019-cu illərdə Ermənistanda belə bir sərsəm iddia var idi ki, onlar Azərbaycan qoşunlarını Yevlax və Mingəçevir ərazisində tamam təmizləyəcəklər. Eyni zamanda bütün azərbaycanlıları Yevlax və Mingəçevir ərazisinə gətirib su anbarında, Kürdə batıracaqlar. Onların belə sərsəm düşüncələri var. Burada xüsusi mistika axtarmağın tərəfdarı deyiləm.
Yevlax Azərbaycanın mərkəzi şəhərlərindən biridir. Ərəşlər yaşayıb, bir neçə müharibənin şahidi olub.
Hər kəsə bəllidir ki, Yevlaxdan Qarabağa, Bakıya, Qərb, həm də Şərq zonasına çıxış daha rahatdır. Tarixdə həmişə Yevlaxı Şərqə gedən yolun qapısı adlandırıblar. Çünki bütün İpək yolları gəlib Yevlaxdan keçib. Bir sözlə, Şərqlə Qərb arasında bir qapıdır", - Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti və hərbi strategiyası planlı şəkildə qurulub: "Ermənilərə münasibətimiz açıq şəkildə görünür. Tələblərimiz də kinkret və aydındır. Aciz deyilik ki, mistika ilə kiməsə işarə verək. Biz sözümüzü açıq demişik, hər kəs də bunu bilir. Ona görə də dövlətimizin adı dünya dövlətləri tərəfindən ciddi partnyor kimi qəbul edilir".