Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, BMT-də növbəti dəfə Qarabağla bağlı müzakirələr aparıldı. Fransa və Ermənistanın gözləntiləri baş tutmadı. Məsələyə dair ümumi yanaşmalar oldu. Bu, Azərbaycanın haqlı mövqeyinə beynəlxalq ictimaiyyətin yanaşması kimi şərh olunur...
- Fransa-Ermənistan cütlüyü növbəti dəfə fiaskoya uğradı. Bu cütlük yalnız özlərini deyil, Azərbaycana qarşı birləşmiş, son zərbə üçün toparlanmış, hazırlaşmış, düşünülmüş məkirli planı həyata keçirmək istiqamətində tamamilə iflasa uğradılar. Sözsüz ki, Azərbaycan ona qarşı işləyən qüvvələrin planlarını öncədən bilir, dərk edir, başa düşür. Bununla bağlı iqtisadi, siyasi, mənəvi hazırlıq apararaq elə bir mövqe nümayiş edildi ki, buna qarşı çıxış etmək, söz demək sadəcə olaraq mənasız idi. Fransanın xarici işlər naziri BMT-nin axşamkı iclasında faktiki olaraq Azərbaycan Prezidentinin ondan öncə dediyi sözləri təkrar etməyə məcbur oldu. Bununla da Azərbaycanın təqdim etdiyi planın Fransanın layihəsi olması kimi təsəvvür yaratmağa cəhd edildi. Amma bunu hamı çox yaxşı bilirdi.
- Azərbaycanla bağlı kifayət qədər məlumatların təqdim edilməsi prosesə necə təsir etdi?
- Orada çıxış edənlərin çoxu bildirdi ki, biz öncədən bütün məlumatları əldə etmişik. Ona görə də, proseslərin hansı istiqamətdə getdiyindən xəbərdar idilər. Bu baxımdan növbəti BMT iclası burada məsələlərin başqa cür müzakirə ediləcəyinə ümid edənlərin gülünc vəziyyətə düşməsi ilə nəticələndi. Azərbaycan haqq sözünü, gördüyü işləri, şərəfli qələbəsi daha da möhkəmləndi. Prezident İlham Əliyevin apardığı siyasətin nə dərəcədə düzgün, məntiqli, beynəlxalq qanunlara, normalara uyğun olduğunu əyani şəkildə göstərdi.
- Bir çox məqamlarda bu müzakirələrin Azərbaycana daha çox faydalı olduğu deyilir...
- Bu, sözsüz ki, belədir. Proses, aparılan müzakirlər Azərbaycan üçün daha faydalı oldu. Bu, ermənilər və onun ətrafında olanlar üçün uğursuz bir gediş idi. Əslində dünya ictimaiyyəti növbəti dəfə hər şeyi görmüş oldu. Xüsusilə Ermənistan xarici işlər nazirinin çıxışında tamamilə reallıqdan uzaq heç bir əsasa söykənməyən iddialar sadəcə gülüş hədəfinə çevrildi. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da orada Ararat Mirzoyana dedi ki, sən burada bir söz deyirsən, amma sənin baş nazirin tamam başqa şey danışır. Bu, əslində yalan iddialarda son nəqtə idi. Hamı üçün aydın oldu ki, Mirzoyan heç də onlar üçün danışmır. Əslində onun danışığı İrəvanda onlara qarşı çıxmış insanlara ünvanlanmışdı. Demək istəyirdi ki, biz burada çox şey deyirik. Amma siz yenə də siz bizə qarşı çıxırsınız. Görünən odur ki, indi Ermənistan özü-özü ilə mübarizə aparır.
- Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT gündəliyində səslənən fikirlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- İndi bir çoxları Azərbaycanın mövqeyinə, təklif etdiyi məsələlərə qulaq asmayacaqlarsa özlərini daha çətin duruma salacaqlar. BMT-də bir daha Qarabağın Azərbaycan ərazisi olması fikirləri dost-düşmən və bitərəf ölkələr tərəfindən gündəmə gətirildi. Əslində bu, tarixi yaddaşa həkk edildi. Digər bir məsələ Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı Azərbaycanın təqdim etydiyi plandan üstün heç bir təklif edilmədi. Azərbaycanın gördüyü bütün işlər BMT nizamnaməsinə, qəbul edilmiş sənəd və proqramlara uyğun olduğunu bir daha hər kəs əyani şəkildə gördü.
- Bundan sonra Azərbaycana qarşı hansı təşkilatlarda dinləmələrin, müzakirələrin olacağı gözlənilir?
- Azərbaycan sözsüz ki, özünün uğurlu işlərini davam etdirməlidir. Avropa Şurasında, Avropa Parlamentində bundan sonra hansısa məsələlər müzakirə olunacaqsa el deyimində söylənildiyi tərzdə, yəni “toydan sonra nağara” kimi bir şey olacaq. Avropa Birliyinin Nazirlər Komitəsi səviyyəsində Azərbaycana qarşı nəsə bir iddia qaldırmağa çalışdılar. Amma burada dost Macarıstan dövləti həmin məsələyə veto qoydu.
- Bu günlərdə Avropa Parlamentinin Azərbaycana qarşı hansısa bir sənəd qəbul edəcəyindən danışılır...
- Avropa Parlamentində ölkəmizə qarşı nəsə bir sənəd qəbul edəcəklərsə, bu sadəcə olaraq tövsiyyə xarakterli məsələ olacaq. Əhəmiyyətsiz bir kağız parçasına çevriləcək. Avropa Şurasının da nəyi müzakirə edəcəyi bəlli deyil. Çünki Azərbaycanın onlara deməyə sözü daha çoxdur. Bunun əksinə onların bizə irəli sürəcəyi, deyəcəyi heç bir söz yoxdur. Bütün bunlara baxmayaraq Azərbaycan israrla, məntiqlə siyasətini davam etdirir. Çünki bu qələbə yoludur. Hədəf isə daha böyük uğurlara imza atmaqdan ibarətdir.