Cənab Prezidentin 20 sentyabr 2023-cü il tarixində xalqa müraciəti hər bir azərbaycanlı üçün sonsuz sevinc və qürur mənbəyi oldu. Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 1 gün davam edən lokal antiterror əməliyyatları Azərbaycan ordusunun mühtəşəm qələbəsi ilə başa çatdı. Nəticədə separatçılar ağ bayraq qaldıraraq, təslim oldular. Bu faktiki olaraq qanunsuz rejimin kapitulyasiyası idi. Nəticədə Azərbaycan suverenliyini bütün əraziləri boyunca bərpa etməyə nail oldu. Antiterror tədbirləri Ordumuzun peşəkarlığını bir daha bütün dünyaya göstərdi. Mülki insanlara, mülki infrastruktura ziyan vurmadan, “ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər”. Böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir!
2020-ci ildə BMT-nin 4 Qətnaməsinin icrasını təkbaşına icra edən dövlətimiz, bu dəfə, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı!
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib
Deputat bildirib ki, Ölkə Başçısının nitqi Cənubi Qafqazın müasir tarixinin yeni səhifələrini formalaşdırmaqla yanaşı, bölgənin gələcək inkişafının müəyyən olunduğu yol xəritəsidir.
Prezident İlham Əliyevin müraciətində Qarabağın erməni sakinlərinə mesajlarına toxunan Tamam Cəfərova Dövlətimizin başçısının Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmadığını xüsusi qeyd edib. Cənab Prezidentin kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyi barədə fikirlərini və erməni əhaliyə aşağıdakı mesajlarını diqqətə çatdırılıb: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.
Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, düşmənin kapitulyasiyası nəticəsində birbaşa dialoqun baş tutması üçün real zəmin formalaşmışdır. Bu baxımdan Yevlax görüşü tarixi əhəmiyyət kəsb edir. Bir məqamı xüsusilə vuğulamalıyıq ki, yüz illərdir Cənubi Qafqazda davam edən konflikt ocağını “Dəmir Yumruq” söndürdü. Dünyanın aparıcı güc mərkəzlərinin, böyük dövlətlərinin həll etmədiyi (etmək istəmədiyi) məsələni Azərbaycanın dəmir yumruğu hərbi-siyasi yollarla həll etdi. Şübhəsiz ki, Cənubi Qafqazda sülh və sabitliyin davamlı olması üçün Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesində fəal olmaları olduqca mühüm amildir. Bu baxımdan deyə bilərik ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Azərbaycanın şərtlərini qəbul etməsi və reinteqrasiya prosesinin başlaması üçün real addımların atılması bölgədə yeni vəziyyətin yaranmasını labüd edir. Çünki kriminal xunta rejimi təslim olandan sonra faktiki olaraq bu qondarma rejim artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.
İndi isə Cənubi Qafqaz üçün lazım olan odur ki, özünü dünyanın ağıllı sayan güclər bu bölgədən əl çəkib imkan versinlər ki, bu dövlətlər və xalqlar öz talelərinə özləri qərar versinlər. Yalnız bu sayədə Cənubi Qafqaz rahat nəfəs ala bilər. Prezidenin xalqa müraciətində deyildiyi kimi, “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın....Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır”!
Millət vəkili T.Cəfərova xüsusilə vurğulayıb ki, Azərbaycan çoxmillətli, çoxkonfessialı dövlətdir. Burada yaşayan bütün etnik qrupların, milli azlıqların ortaq dəyəri Azərbaycandır. Biz İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verdilər, şəhid, qazi oldular. Qarabağın erməni sakinləri də Azərbaycanda yaşayan digər millətlər kimi Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın digər vətəndaşları kimi Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn hüquqi təminatlar sözsüz ki, onlara da şamil olunacaqdır. Reinteqrasiya prosesləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan digər ərazilərdə olduğu kimi Xankəndidə, Ağdərədə, Xocavəndə də qısa zamanda böyük layihələrin, quruculuq işlərinin reallaşacağının şahidi olacağıq. Prezident İlham Əliyev xalqa müraciətində dediyi kimi “...İşğaldan azad olunmuş bütün ərazilər inkişaf olunacaqdır. Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq...”.
Əminliklə deyə bilərik ki, Qarabağda yaşayan erməni sakinlər üçün yeni bir həyat, yeni bir şans yaranmışdır. Ümid edək ki, onlar bu şansı düzgün qiymətləndirəcək və reinteqrasiya prosesində fəallıq göstərəcəklər.
Bir daha suverenliyimizin tam bərpa olunması münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla xalqımızı təbrik edir, bu uğurda canından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Yaralı qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Millət vəkili Tamam Cəfərova belə deyib.