Azərbaycan-Türkiyə arasındakı yüksək səviyyəli əlaqələr bütün dünya üçün örnəkdir. İki qardaş dövlət səviyyəsində digər ölkələr arasındakı münasibətlər mövcud deyil. Bu yüksək əlaqələr qardaşlıq və müttəfiqlik münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” strategiyası əsasında günü-gündən inkişaf edir. Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana olan münasibəti özünün bütün səviyyələrdə ən yüksək xarakterdə nümayiş etdirdi. Çünki qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin mühüm önəmi olduqca vacib bir mesaj idi. Azərbaycanın hərbi-siyasi müstəvidə heç də tək olmadığını, hər zaman Türkiyəyə arxalana, güvənə biləcəyi açıq şəkildə bir daha bəyan edildi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdə o cümlədən iki dövlətin bir ideologiya əsasında hərəkət etməsində özünün təsdiq etdiyini bildirib: “II Qarabağ Müharibəsində olduğu kimi ondan sonrakı dövrlərdə də qardaş Türkiyə Azərbaycanın siyasi-diplomatik müstəvidə atdığı bütün addımlara birmənalı şəkildə dəstək verib. Azərbaycanın Qarabağda separatçı-xunta rejiminə və qanunsuz erməni silahlılarına qarşı həyata keçirdiyi antiterror tədbirlərinə də ilk andan qardaş Türkiyədən dəstək ifadə olunub. Həmin ərəfədə BMT-nin 78-ci sessiyasında iştirak edən qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən bir daha birlik mesajı verdi. Bu Azərbaycan-Türkiyə birliyi ilə bağlı ən mötəbər tribunadan edilən çağırış idi. Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edən cənab R.T.Ərdoğan bölgədə sülh üçün yaranmış şəraitdən danışdı. Prezident İlham Əliyev də hər zaman qardaş Türkiyəyə olan münasibətini ən yüksək səviyyədə bildirib. Türkiyənmin qatılmadığı tədbirdə Prezident İlham Əliyev qardaş ölkənin maraqlarını ən yüksək səviyyədə qoruyub, tərənnüm edib. Ölkəmizin başçısının “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” mesajı iki qardaş ölkə arasındakı münasibətlərin ən yükəsk səviyyədə olan xarakterinin göstərir”.
Deputat sentyabrın 25-də qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərinin olduqca mühüm tarixi əhəmiyyət kəsb etdiyini söyləyib: “Naxçıvan Beynəlxalq Hava Limanında qardaş Türkiyə dövlətinin başçısını cənab Prezident İlham Əliyevin qarşılaması, iki qardaş Lider arasındakı səmimi dialoq böyük maraqla izlənildi. Çox hörmətli R.T.Ərdoğanın Azərbaycana, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvana səfəri mühüm önəm kəsb edirdi. Səfərin proqramı iki qardaş ölkə arasında əməkdaşlığın, əlaqələrin və bölgədə yeni yaranmış reallığın mahiyyətindən xəbər verirdi. Sözsüz ki, Türkiyə prezidenti R.T.Ərdoğanın Naxçıvana səfəri və Prezident İlham Əliyevlə birlikdə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması qardaş ölkələr arasında mövcud olan sıx əlaqələrin və strateji tərəfdaşlığın növbəti təzahürü idi. İki il öncə işğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Bu kontekstdə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması iki ölkə arasında strateji müttəqifliyin daha da dərinləşməsi istiqamətində atılmış mühüm addımdır. Qaz kəmərinin çəkilişi Naxçıvanın qaza olan tələbatının ödənilməsi baxımından mühüm önəm kəsb edir. Həmçinin səfər çərçivəsində Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da mühüm tarixi hadisə hesab olunur. Bu layihə Orta Dəhlizin bir qolu kimi Azərbaycan, Türkiyə və digər ölkələrlə əlaqələrin yaranmasına xidmət edəcək. Bu baxımdan da hazırkı dönəmdə Orta Dəhlizin reallaşması bir daha gündəmə gəlmiş olur”.
Eldar Quliyev vurğulayıb ki, R.T.Ərdoğanın Naxçıvana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışına qatılması olduqca önəmli idi: “Qardaş ölkə Prezidentinin bu səfəri Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra baş tutdu. Bu tarixi hadisə Naxçıvanın strateji əhəmiyyətini ortaya qoymaqla yanaşı, xarici auditoriyaya, Ermənistana və onun havadarlarına çox ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Naxçıvana səfəri Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öhdəliyinin xatırladılması ilə də xarakterik idi. Məhz bu kontekstdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə sülhə, təhlükəsizliyə əməkdaşlığa, yeni yaranacaq konfiqurasiyada birlikdə ortaya qoyduğu rola əsaslanır”.