19 Oktyabr 2023 10:49
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması olaraq, Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının (Aİ) 2023-cü il oktyabrın 18-də verdiyi anti-Azərbaycan bəyanatını şiddətlə qınayırıq".

Teleqraf.com xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

"Öncə vurğulayaq ki, bu bədnam bəyanatı məhz 18 oktyabrda - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günündə verməklə Aİ ölkəmizə və xalqımıza qərəzini simvolik şəkildə ifadə etmişdir.

Bəyanatın məzmununa gəlincə, qeyd edək ki, sənəd qərəzlidir, ayrı-seçkilik xarakteri daşıyır, sülhə mane olur və Ermənistanın törətdiyi müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə haqq qazandırır.

İlk növbədə, vurğulamaq istərdik ki, qayıdış hüququnu ancaq Qarabağ ermənilərinə şamil etməklə və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnu inkar etməklə Aİ azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyini açıq şəkildə göstərmişdir.

Bundan əlavə, münaqişə zamanı törədilmiş çoxsaylı hərbi cinayətlərə baxmayaraq, Aİ-nin “bütün Qarabağ erməniləri” üçün amnistiya tələbi bizi dərindən narahat edir. Müharibə cinayətlərinə amnistiyanın verilməsi təkcə ədalət və hesabatlılıq prinsiplərini pozmur, həm də cəzasızlıq mühiti yaratmaqla regionda davamlı sülh və barışığı mümkünsüz edir. Aİ-nin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər üçün amnistiya tələb etməsi bu qurumda irqçi mentalitetin ayaq açmasını və humanizm dəyərlərinin aşınmasını, eləcə də onun regionda sülh və ədalətin bərqərar olmasında maraqlı olmadığını göstərir.

Bundan əlavə, bəyanatda Azərbaycanı yerli əhalinin insan hüquqlarını və mədəni irsini qorumağa çağırılsa da, Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmuş azərbaycanlıların hüquqları və mədəni irsi ilə bağlı Ermənistanın məsuliyyəti barədə heç bir çağırış edilmir. Bu, Aİ-nin qərəzli və anti-Azərbaycan yanaşmasının növbəti sübutudur.

Nəhayət, bəyanatda Azərbaycan Ermənistanın ərazi bütövlüyünə sadiqliyini təsdiq etməyə çağırıldığı halda, Ermənistana oxşar çağırış edilmir. Ermənistanın Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması və Aİ-nin ona göz yumması faktını nəzərə alsaq, Aİ bu çağırışı ilə faktiki olaraq Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə cəsarətləndirir", - İcmanın bəyanatında vurğulanıb.

Qeyd edilib ki, Aİ-nin bu bəyanatı və son dövrlər nümayiş etdirdiyi mövqe onun sülh üçün tərəfdaş kimi etibarını və rolunu sarsıtmışdır: "Biz Aİ-ni anti-Azərbaycan yanaşmasından əl çəkməyə, insanların hüquq və ləyaqət baxımından bərabərliyi, eləcə də dövlətlərin suveren bərabərliyi prinsiplərinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarına hörmət etməyə çağırırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər