14 Oktyabr 2023 20:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 13 oktyabr tarixində Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında çox vacib məsələlərə toxunub. Ölkəmizin başçısı beynəlxalq əməkdaşlığın önəmli formatından bəhs edib. Bu mənada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının nəticələri gələcəkdə MDB-yə daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb. Sözsüz ki, tədbirin Qırğızıstanda keçirilməsi Azərbaycanla bu ölkə arasındakı yüksək münasibətləri bir daha gündəmə gətirir. Bu gün Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar uğurla yerinə yetirilir. Qarşılıqlı razılaşmalara əsasən Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, Qırğızıstanın sabit inkişaf tempi mövcuddur: “Son dövrdəki sosial-iqtisadi sahədə Qırğızıstanın inkişafı bütün dost ölkələri sevindirir. Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurası çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Artıq növbəti ildən MDB-də sədrlik Rusiya Federasiyasına keçəcək. MDB-nin Bişkekdəki toplantısında Özbəkistan prezidenti Şavkat Miromonoviç Mirziyoyev MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi də mühüm hadisə idi. Burada digər mühüm hadisə qardaş Özbəkistanla bağlı idi. Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Çünki humanitar sahə Birliyin çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığın inkişafına böyük töhfə verir. Eyni zamanda Azərbaycan nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi gündəmdədir. 2025-ci ildə üçüncü MDB Oyunlarının Azərbaycanda keçirilməsi üzrə namizədliyi dəstəklənib. Bu amilin özü də qarşılıqlı əməkdaşlığın əhəmiyyəti baxımından önəmlidir. Üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığın möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətin daha bir nümayişi olacaq”.

Millət vəkili bildirib ki, iqtisadi əməkdaşlıq sahəsində müsbət dinamika mövcuddur: “İqtisadi əlaqələrin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycanla MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Fakt odur ki, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edir. Burada strateji əhəmiyyət daşıyan logistik layihələr mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”.

Deputat Azərbaycan-MDB əlaqələrinin mahiyyəti üzrə inkişaf tendensiyasına toxunub: “Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycanın MDB-yə daxil olmasına dair qərar qəbul olunub. Burada MDB-nin əsas məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanı və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir”.

Professor hesab edir ki, Azərbaycan MDB-də iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir: “Bununla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapıb. MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamamışdır”.

Eldar Quliyev bildirib ki, Azərbaycanın MDB-yə daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olub: “Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməyib. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə mövcud olmuş münaqişəyə görə veto qoya bilib. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verib. Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər