Bu gün daha bir şəhərimizin günüdür. Zəngilanın müzəffər Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunmasından 3 il ötür. Cənab Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “20 oktyabr – Zəngilan şəhəri günü” elan edilib. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, suverliyimizi bərpa etdik, həm ədaləti bərpa etdik, həm də milli ləyaqətimizi bərpa etdik. Bu gün işğaldan azad olunmuş bütün kənd və şəhərlərimiz sanki yenidən doğulur, yenidən yaranır. Uzun illər erməni işğalına, erməni terroruna məruz qalan torpaqlarımızı öz gücümüzə yenidən qururuq. Qarabağa, Şərqi Zəngəzura “Böyük Qayıdış”da məhz Zəngilandan başlamışdır.
Qədim tarixi olan Zəngilanı heç bir çətinlik sarsıda bilməmişdir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdu. XX əsrin əvvəllərində, daha doğrusu, 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilandan Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur. 1967-ci ildə Zəngilana Şəhər statusu verildi. Həmin vaxt Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə, 79 kənd olmuşdur. 1988-ci ildən başlayan erməni terroru, erməni işğalı Zəngilandan da yan keçmədi. 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25–29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar. 27 ildən sonra Zəngilan şəhəri 20 oktyabr 2020-ci il tarixində ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad edildi.
Zəngilan zəngin təbii sərvətlərə və unikal coğrafiyaya malikdir. Rayonda çöküntü süxurları, vulkanik materiallar, minerallar var, həmçinin bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Regionun iqtisadi potensialına töhfə verən Araz, Oxçuçay, Həkəri və Bəsitçay da daxil olmaqla dörd mühüm çay keçir.
Zəngilan mədəni və dini abidələrlə zəngindir, onların bir çoxu münaqişənin qurbanı olmuş, işğal zamanı dağıntı və dağıntılara məruz qalmışdır. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, xüsussilə də tarixi- mədəni-dini abidələrimizin, irsimizin qorunmasında Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var. Bu yerlər çox böyük tarixi və mədəni əhəmiyyətə malikdir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Artıq Zəngilan yeni inkişaf dövrünü yaşayır. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Zəngilan mühüm strateji əhəmiyyətə malik mühüm nəqliyyat qovşağıdır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisi əlaqəni gücləndirməyə, Zəngəzur dəhlizi isə yeni iqtisadi perspektivlər və beynəlxalq əməkdaşlıq aça bilər. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
“Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” deyən Prezident İlham Əliyev bu gün kəndlərimizin, şəhərlərimizin təməlini qoyur, açılış mərasimləri edir. Bu gün qədim tarixi Azərbaycan torpaqlarına burada əbədi yaşamaq üçün, qurub-yaratmaq üçün qayıtmışıq! Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik!
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova