Prezident İlham Əliyev Ermənistanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edir. Bu səfərlərdə ərazilərdə aparılan bərpa və quruculuq işləri yerində yoxlanılmaqla yanaşı stimullaşdırıcı amil kimi də qiymətləndirilir. Ölkəmizin başçısı oktyabrın 17-də, “Füzuli şəhəri günü”ndə Füzulidə bu rayonun sakinləri ilə görüşü də tarixi hadisə idi. 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan füzulilər üçün bu təbii ki, böyük sevinc və fərəhlə qarşılanan hadisə oldu. Artıq digər azad edilən ərazilər kimi Füzuli şəhəri yenidən qurulur. İşğal dövründə daşı-daşı üstündə qalmağa qoymayan erməni vandalizminin izləri silinir, Füzuli öz çal-çağırlı dövrünü yaşamağa başlayır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Füzuli də Ermənistanın işğal dövründə vandaliz, barbarlığa məruz qalıb: “II Qarabağ müharibəsinin gedişində azad edilən Füzulidə əsgərlərimiz bayraq asmağa salamat bina tapa bilməmişdi. Ölkəmizin başçısı da Füzuli sakinləri ilə görüşündə insanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmağın Ermənistanın əsas siyasət xətti olduğunu bildirib. Çünki bu böyüklükdə ərazidə bütün həyat elementlərini məhv etmək ancaq barbarlığın, məkirli siyasətin nəticəsi ola bilər. Amma dünya birliyi, ictimaiyyət ermənilərin Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi barbarlıqdan xəbər tutmayıb. Beynəlxalq, birlik ayrı-ayrı təşkilatlar Azərbaycana vurulan maddi- mənəvi zərərə görə bir dəfə də olsun Ermənistanı qınayan açıqlama verməyib. Bu torpaqlar işğaldan azad edildikdən sonra dünya ictimaiyyəti erməni vəhşiliklərinin nəticələrini görmək imkanı olub. Füzulidəki erməni barbarlığının timsalında bütün dünya erməni vəhşiliyini görməli buna lazımı qiymət verilməlidir”.
Deputat bildirib ki, ermənilərin Qarabağda aparmış olduğu barbarlığa, talançılığa, tarixi, maddi-mənəvi adibələrin məhvinə, mina təhlükəsinə baxmayaraq bu gün Azərbaycanın öz gücü və imkanları ilə böyük quruculuq, abadlıq işləri həyata keçirir: “Qarabağ böyük tikinti meydançasını xatırladır. Azərbaycan özünə məxsus olan tarixi torpaqlarda qurub-yaradır. Vaxtilə bu ərazilərdən silah gücünə qovulan soyqırım və etnik təmizləməyə məruz qalmış soydaşlarımız Böyük Qayıdış proqramına uyğun olaraq ata-baba yurdlarına qayıdır. Ölkəmizin başçısının da açıqladığı kimi 2026-cı ilin sonuna kimi 22 min insanın təkcə Füzuliyə qayıdışı nəzərdə tutulur. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın geri dönüb, əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışının təmin olunacağı gözlənilir. Dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. İcra edilən layihələrdə bu ərazilərə qayıdan insanların məşğulluğu da nəzərə alınır ki, bu da bölgədə Böyük Qayıdışdan sonra mühüm amillərdən bir hesab edilir. ”.
Millət vəkili vurğulayıb ki, ölkəmizin başçısı füzulililərlə görüşündə gənc nəslin ata-baba yurdlarına dönüşünü yüksək qiymətləndirib: “Bu, doğrudan da böyük hadisədir. Bu, xalqımızın böyüklüyünü göstərir, doğma diyarına bağlılığını göstərir”. Sözsüz ki, torpaqlarımızı erməni işağılndan məhz vətənpərvər gənclərin sayəsində azad edildi. Füzuli əməliyyatının gedişində əsgər və zabitlərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlar tarix dərsliklərində özünə yer tutacaq. Fakt odur ki, ermənilər 30 illik işğal dövründə Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. Amma bütün bunlar güclü Azərbaycan Ordusu və qəhrəmanlarımız qarşısında keçilməz sədlər olmadı. Qəhrəmanlarımız ermənilərin 30 ilə yaxın qurduğu sədləri, istehkamları bir andaca dağıdıb keçərək düşməni torpaqlarımızdan qovmağa nail oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yaranan mənzərə Azərbaycan dövlətinin gücünü, xalqımızın əzmini göstərir”.