26 Oktyabr 2023 09:32
3 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, “3+3” fomatında Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Region dövlətlərinin bu müstəvidəki təmaslarının effektivliyini necə dəyərləndirmək olar?

- Bu platformanın effektiv olması birdən-birə 6 ölkənin maraqlarına cavab verəcək hansısa iqtisadi layihənin həyata keçirilməsi demək deyil. Platforma özü tərəfləri siyasi cəhətdən bir-birinə yaxınlaşdırmaq üçün ismarıcdır. Azərbaycan hələ 3 il əvvəl, 44 günlük müharibə bitəndən sonra bütün region ölkələrinə təklif etdi ki, yeni prosesdə iştirak etsin. Lakin bəzi ölkələr həmin dövrdə Qarabağın dağlıq hissəsində separatçıların qalmasına ümid edərək bölgədə status-kvonun davamlı olmasını istəyirdilər. İsrarla qeyd edirdilər ki, bölgədə sərhədlər dəyişə bilməz. Bu ölkələr ənənəvi maraqlarını önə çəkirdilər. Amma sentyabrın 19-20-də antiterror tədbirlərinin həyata keçirilməsi onları konkret fakt qarşsında qoydu. Bu da ondan ibarət idi ki, ya onlar yeni prosesdə Azərbaycanın yanında yer alacaq, ya da ölkəmizə qarşı çıxış edəcəklər. Bununla də bölgəyə kənar oyunçuların daxil olması mühiti qarşısında da qalmalı olacaqlar. Bu baxımdan Tehranda “3+3” formatında keçirilən görüşdə tərəflərin maraqlarının nədən ibarət olması hər bir ölkənin xarici işlər naziri tərəfindən bir-birinə çatdırılıb.

- Tehran görüşlərindən bir gün sonra Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı baş tutdu. Görünür, hansısa məsələlərin müzakirəsi yarımçıq qalıbmış...

- Bu telefon danışığı onu göstərir ki, İranda görüş vacib idi, amma tərəflər bəzi məsələləri müzakirə edə bilməyib. Bakı və Moskva arasında bu məsələlər telefon danışıqları zamanı qeyd edilib.

- “3+3” formatının əvəzinə “3+” formatı da təklif edilir. Gürcüstan, Azərbaycan, Ermənistan arasında belə bir platformanın yaradılmasının effektivliyi gündəmə gətirilir...

- İndiki halda Gürcüstan hakimiyyəti ciddi çağırışlarla üz-üzədir. Belə kontekstdə Gürcüstan hakimiyyətinin açıq şəkildə İran və Rusiya ilə tərəfdaş qismində masada oturmasını gözləmək olmaz. Amma bağlı qapılar arxasında Gürcüstan özü də “3+3” platformasında yer alıb. Sadəcə olaraq Gürcüstanın ala biləcəyi təkliflər olmadığından onun hələki bu kimi görüşlərdə tam sərbəst şəkildə mövqe bildirməsini görmək olmur.

- Azərbaycan, Türkiyə Gürcüstan arasında olan normal münasibətlərin prosesə təsirini necə dəyərləndirmək olar?

- Gürcüstan hər iki ölkə ilə öz layihələrini həyata keçirir. İran və Rusiyanın Gürcüstana verə biləcəyi təkliflər isə qeyri-real görünür. Bu təkliflər o halda reallaşa bilər ki, Zəngəzur dəhlizi açılsın. Bununla da Qara dənizə çıxış əldə edilsin. Konkret layihələr var. Məhz bu layihələr açıldıqdan sonra Gürcüstana hansısa bir təklif verilə bilər. Bununla bağlı razılığın olmaması Gürcüstanı bu proseslərdən bir qədər kənarda saxlamış olur.

- İranda Azərbaycan və Ermənistan Xarici İşlər naziri arasında da görüş baş tutdu. Bu görüşdə əsas müzakirə mövzusunun hansı istiqamətdə olduğunu söyləmək olar?

- Münasibətlərin normallaşdırılmasına dair məsələ bu ilin əvvəlindən aktullaşıb. Azərbaycanın istəyi o idi ki, tərəflər konkret bəndlərdən ibarət sülh müqaviləsi imzalasın. İlin sonuna kimi sülh müqaviləsinin imzalanması o qədər də inandırıcı görünmür. Çünki Azərbaycan və Ermənistanın münasibət bildirməli olduğu bir çox məsələ var. Amma burada əsas məsələ öz həllini tapıb. Bu Qarabağla bağlıdır. Digər məsələlər isə müzakirə edilməlidir. Əgər sülh müqaviləsindən münasibətlərin normallaşmasından söhbət gedirsə, bu o halda baş tutacaq ki, Ermənistan Azərbaycana qarşı iddialarından əl çəksin. Azərbaycana qarşı Fransa başqa olmaqla bəzi Avropa ölkələrinin ittihamlarının çoxaldığı bir vaxtda sülh atmosferinin formalaşması hələ ki real deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər