İrandan Naxçıvana gedən yolun Zəngəzur dəhlizi ilə müqayisədə 10 km-lik bir məsafə fərqi var. Buna baxmayaraq Zəngəzur dəhlizi aktuallığını saxlayır. Çünki kommunikasiyalar qarşılıqlı təzyiq, blokada üçün istifadə edilən amildir. İstənilən vaxt İran bu yolla bağlı əks qərar verə bilər. Ona görə burada alternativ imkanların olması vacibdir.
Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O qeyd edib ki, Naxçıvanın ümumiyyətlə müəyyən bir ərazi ilə Azərbaycana birləşməsi çox vacibdir:
“Ermənistan I Qarabağ müharibəsi nəticəsində Azərbaycana vurduğu ziyanı ödəməlidir. Sözsüz ki, vurulan ziyanı Ermənistan hansısa təzminatla ödəyə bilməyəcək. Belə olan halda Ermənistan bu təzminatın qarşılığını ərazi ilə ödəyə bilər”.
Partiya sədrinə görə, məhz bu kontekstdə Zəngəzurun Azərbaycana qaytarılması təmin edilməlidir:
“Azərbaycanla Türkiyə arasında daha geniş miqyasda quru sərhəddinin qurulması vacibdir. Vaxtilə Dərələyəz Ermənistana verildiyinə görə, Azərbaycanın Türkiyə ilə quru sərhədləri itib. Türkiyə ilə kommunikasiyalar yalnız kiçik bir sahə ilə təmin oluna bilməz”.
Sərdar Cəlaloğlu hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı Nikol Paşinyanın yanaşmaları olduqca ziddiyyətlidir:
“Dəhlizin tunel və yaxud körpülər formasında açılması da mümkündür. Qubadlı ilə Ordubad arasında uzun bir körpü və yaxud tunelin tikintisi reallaşa bilər. Sovet vaxtında Arazın sahili ilə gedən yol təhlükəli idi. Burada dağın altında 11 km-lik tunelin çəkilməsi ilə bağlı qərar qəbul edilmişdi. Daha sonra erməni tərəfi buna imkan vermədi. Ona görə də, bu məsələləri danışıb müzakirə etmək olar”.