27 Oktyabr 2023 19:36
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə ənənəvi enerji resursları ilə yanaşı alternativ enerji istehsalı da hər zaman prioritet olub. Ekoloji cəhətdən təmiz enerji resurslarının yaranması üçün ölkəmizdə mühüm şərait var. Külək və Günəş enerjisi sahəsində artıq zəruri addımlar atılır. Bu mənada ölkəmiz özünün zəngin enerji resursları fonunda alternativ enerjinin də istehsalında maraqlı olduğunu nümayiş etdirir.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Bakı və Abşeronda alternativ enerji istehsalı baxımından təbii şərait mövcuddur: “Külək və günəş enerjisi sahəsində bu istiqamətdə addımlar atılır. Bununla yanaşı Azərbaycan II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə yaşıl enerji zonası prinsipinə uyğun olaraq işlər görür. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası və digər ərazilərimizdə həyata keçirilən layihələr məhz alternativ mənbələr hesabına eherji istehsalını özündə ehtiva edir. Ölkəmiz sözsüz ki, bu sahədə malik olduğu təcrübə ilə yanaşı beynəlxalq təşkilatların da təcrübəsindən yararlanmaqdadır. Məhz təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsi bunun əyani təzahürüdür. Bu sahədə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr və təşkilatlara sıx təmaslar qurulub və real əməkdaşlıq imkanları yaradılıb. Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlıq, dostluq digər sahələrlə yanaşı alternativ eherji istehsalında da özünü təsdiq edir”.

Millət vəkili hesab edir ki, Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyası kimi həmçinin bu sahədə Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığın növbəti təzühürü kimi önə çıxır: “Sözsüz ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri bu gün uğurla inkişaf edir. Bu kontekstdə 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin parlaq nümunəsidir. Təbii ki, alternativ enerji istehsalı sahəsində Azərbaycan etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb. Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflər var. Bu istiqamətdə ölkəmizin mövcud təcrübə ilə yanaşı sıx təmaslar qurduğu yüksək əməkdaşlıq eytdiyi şirkətlər də mövcuddur. Ölkəmizdə “Masdar” şirkətinin bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırması məhz bu reallığın təsdiqidir. Məhz bu kimi yüksək əməkdaşlıqlar təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək”.

Deputat bu sahədə qarşıda duran əsas hədəflərin mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək olduğunu söyləyib: “Azərbaycanın atdığı bu addımlar təkcə daxili istehlak üçün deyil həm də region ölkələrinin tələbatları və digər ixrac hədəflərini qarşılamaq məqsədlərindən biridir. Alternativ enerji sahəsində Azərbaycanın atdığı addımlar regionun enerji inkişafında inqilab olacaq. Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkə olmasına baxmayaraq ölkəmizin yaşıl gündəliyə doğru uğurla irəlilədiyi göz önündədir. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır. Eyni zamanda qarşıdakı dövrdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogen ixrac edən ölkə kimi də tanınacaq”.

Təftiş Komissiyasının sədri vurğulayıb ki, işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurda hidroenerji potensialı fəal şəkildə inkişaf etdirilir: “Eyni zamanda artıq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə təbii şərait məhz alternativ enerji istehsalında imkan yaradır. Bununla yanaşı Azərbaycan enerji dəhlizi rolunu da yüksək səviyyədə icra edir. Ölkəmiz bu sahədə Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal iş aparır. Bütün bu amillər Yaşıl Enerji Dəhlizinin formalaşması istiqamətində Azərbaycan çox fəal iş aparır. Bütün bunlar ölkəmizin ənənəvi enerji daşıyıcıları ilə yanaşı alternativ enerji sahəsində də aparıcı mövqeyə yüksəlməsindən, dövlətimizin bu sahədə də aparıcı mövqeyə yüksəlməsindən xəbər verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər