Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də, əsassız ittihamlar irəli sürülür. Oktyabrın 25-də Kanadanın xarici işlər naziri Melani Joli də Ermənistana səfəri çərçivəsində Azərbaycana qarşı yalan və böhtan üzərində qurulmuş fikirlər səsləndirib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədəndə, torpaqlarımızı 30 il işğal altında saxlayanda Kanada susurdu: “Amma bu ölkənin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi antiterror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddiadan başqa bir şey deyil. Görünən odur ki, Kanada xarici işlər naziri bölgədəki vəziyyətdən xəbərsizdir. Yaxud, məqsədli şəkildə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanadalı nazir tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də erməni işğalında olmuş ərazilərimizdən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir”.
Millət vəkili vurğulayıb ki, dövlətimizlə təhdid dilində danışılması yolverilməzdir: “Kanada XİN rəhbərinin Azərbaycana qarşı sanksiya tədbirləri haqda fikirləri isə heç bir məntiqə əsaslanmır: “Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır. ABŞ-ın ştatlarından biri hesab edilən və mövqeyini Vaşinqtondan gələn tapşırıqlar üzərində quran Kanadanın xarici işlər nazirinin təxribatçı fikirləri qəbuledilməzdir. Eyni zamanda, Ermənistanla şərti sərhədə gələn, ölkəmizin ərazilərini müşahidə edən xanım nazirin davranışı Diplomatik xidmətlərlə bağlı Vyana Konvensiyasının tələblərinə də tam ziddir. Lakin bu, Kanada üçün ilk belə hal deyil. Məhz bu dövlət hər zaman beynəlxalq hüququn prinsiplərini pozmaqla tanınıb. Azsaylı xalqların hüquqlarının tanınmaması üçün bütün gücünü ortaya qoymuş və bu sahədəki beynəlxalq sənədə qarşı çıxmış dövlətdən hər şeyi gözləmək mümkündür”.
Fatma Yıldırım hesab edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan daim bölgədə sülhün təmin olunmasına maraqlıdır: “Cənubi Qafqazda sülh və sabitliyin olmamasının səbəbi Ermənistanın 30 il ərazində Azərbaycan torpaqlarını işğal altında saxlaması olub. Dövlətimiz öz ərazi bütövlüyünü təmin etdikdən sonra qarşı tərəfə sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan hələ də müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Müəyyən beynəlxalq dairələr bölgədə sülhün bərqərar olunmaması üçün Ermənistandan alət kimi kimi istifadə edirlər. Kanadanın mövqeyi buna bariz nümunədir”.