3 Noyabr 2023 09:38
3 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın 2020-ci ilin 10 noyabr razılaşmasının 9-cu bəndindən imtinası ilə bağlı fikirlər səslənir. Amma Nikol Paşinyanın bundan tamamilə imtina etməsi guman edilmir. Bu, onun öhdəliyidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir və avtomobil yollarının açılması ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, Rusiyaya arxa çevirən Ermənistan sərhədləri özü qorumaq istəyinə düşüb:

“Zəngəzur dəhlizi ilə bağlı da erməni tərəfinin yanaşması məhz bununla bağlıdır. Sözsüz ki, bu, Rusiya ilə Ermənistan arasında olan məsələdir. 30 il ərzində Azərbaycan Rusiyaya Ermənistanın əsl mahiyyətini göstərməyə çalışıb. Çünki Rusiya ermənilər üçün süni dövlət yaratmasına baxmayaraq, sonda ona da arxa çevirdi. İndiki reallıq bunu təsdiq edir. Artıq Rusiya da Ermənistanın əsl simasını görür”.

Millət vəkilinə görə, gec-tez Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq:

“Ermənistanın sülhdən başqa çarəsi yoxdur. Azərbaycanın sülhə bağlı irəli sürdüyü şərtlər beynəlxalq hüquqa uyğundur. Ermənistanın bu şərtlərdən qaçmaq imkanı qalmayıb. O öz qonşuları ilə münasibətləri nizama salmasa ölkə kimi heç bir perspektivi qalmır. Bu da ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir”.

Komitə sədri hesab edir ki, Ermənistan üçtərəfli razılaşma ilə Qazax-Tovuz istiqamətindən keçəcəcək kommunikasiya xətlərinin açılması ilə bağlı da öhdəlik götürüb:

“Fakt odur ki, erməni tərəfi bu kimi vəzifələri necə icra edəcəyini heç özü də bilmir. Çünki qarşı tərəf məsələni uzatmaqla vaxt qazanmağa çalışırdı. Bir müddət revanşistlər, daha sonra Fransa Ermənistana bu istiqamətdə addım atmağa imkan verməyib. Amma indi deyəsən erməni tərəfi başa düşüb ki, hər şey bitib. Artıq getməyə yol yoxdur. Ona görə də, kommunikasiya xətlərini açmaqdan başqa çarə qalmayıb".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər