6 Noyabr 2023 19:49
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Ermənistan Azərbaycanla sülh müstəvisində bəzi prinsiplərin razılaşdırıldığını açıqlayıb. Razılaşdırılmayan məsələlər hansılardır? Kommunikasiyalara nəzarətlə bağlı nə kimi yanaşmalar var?

- Reallıq odur ki, Nikol Paşinyan bölgədə kommunikasiya xətlərinin açılmasına etiraz etmir. Onun yeganə iddiası Zəngəzur dəhlizi üzərindən açılacaq kommunikasiya xətlərinə Rusiyanın nəzarət etməməsidir. Bunu Paşinyan qəbul etmək istəmir. O, maksimum dərəcədə Rusiyanın Ermənistandakı təsirini azaltmağa çalışır. Tədricən də bunu edir. Hətta o, bu məsələyə dair bir neçə dəfə bəyanat verib.

- Paşinyana bu məsələdə kimlər dəstək verir?

- O, Fransadan və ümumiyyətlə Avropadan maksimum dəstək alıb. Paşinyana verilən təlimat odur ki, kommunikasiya xətləri açılsa da, o, Rusiyanın nəzarətində olmasın. Əslində Paşinyan bunu bir neçə səbəblə izah etməyə çalışır. İlk növbədə ölkə daxilində ona təzyiq edilir ki, Zəngəzur Rusiyanın nəzarətinə verilsə, bir gün Qarabağda etdiklərini burada da edəcəklər. Digər tərəfdən Avropa İttifaqı da Rusiyanın hərbi mövcudluğunu bir qədər də genişlənməsini istəmir. Eyni zamanda Paşinyan özü də Rusiyanın Ermənistana təsirini azaltmağa yönəlmiş siyasət yürüdür.

- Belə olan halda Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsi açıq qalır...

- Dəhlizə Ermənistanın nəzarəti məsələsi Azərbaycan tərəfindən qəbul edilməyəcək. Bu, təhlükəsizlik zəmanəti ilə bağlıdır. Beləliklə, Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq qüvvələrin cəlb edilməsi mümkün olacağı ehtimalı böyüyür.

- Qərbin sülh kontigentinə Azərbaycanın münasibəti necə olacaq?

- Bu sözsüz ki, ölkəmizin planlarına uyğun gəlməyə bilər. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi: Biz Zəngəzura tanklarla deyil, maşınlarla qayıdacağıq.

Bu ərazilərdən 1988-ci ildən qovulmuş minlərlə soydaşımız var. Onların geri qayıtması məhz bu kontekstdə Azərbaycanın hədəflərindən biridir. Bu baxımdan da beynəlxaq sülhməramlıların Zəngəzura yerləşdirilməsi Azərbaycan tərəfindən qəbul edilmir. Çünki bu qüvvələrin Azərbaycana qarşı qərəzli olduğu dəfələrə müşahidə edilib. Belə olan halda Azərbaycan Qərbin bu kontingentindən imtina etməkdə haqlıdır.

- Qərb platformasında keçirilən görüşlərdən Azərbaycanın imtına etməsi də bu səbəblərlə izah olunur...

- Prezident İlham Əliyevin Qranadada baş tutan görüşə getməməsi sırf Qərbin qərəzli mövqeyi ilə bağlı idi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel başda olmaqla digərlərinin birtərəfli yanaşmaları qəbul edilən deyil.

- Erməni tərəfi indi də 1974-1988-ci il xəritələrini ortaya atıb. Bu xəritələr əsasında hansı mülahizələr yürüdülə bilər?

- Fakt odur ki, xəritələrlə bağlı konkret mövqe yoxdur. 1974-75-ci illlərin, hətta 1988-ci illərə aid xəritələrə əsaslanmış mövqe ortaya qoymaq çox çətindir. Amma bu xəritələrin məzmunu tam aydınlaşmalıdır. Həmin xəritələr kim tərəfindən tərtib edilib, hazırda kimlərdə var və s kimi məsələlər dəqiqləşməlidir. Eyni zamanda bu xəritələrdə hansısa sərhədlərin əks edildiyi də bilnmir. Ona görə də, bu məsələdə konkretliyə nail olmaq lazımdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər