16 Noyabr 2023 14:10
2 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələrdən çıxarılan nəticə odur ki, yenidən Azərbaycana qarşı absurd və ağlasığmaz yanaşmalar ortaya atılır. Fakt odur ki, bölgə uğrunda ciddi mübarizə gedir. Çünki Azərbaycan elə bir coğrafi, strateji məqama malikdir ki, onunla Mərkəzi Asiya və Rusiya, İran və bu bölgənin gələcəyi haqqında müzakirələr açılır. Burada Qərb-Rusiya, Qərb-Mərkəzi Asiya, Çin və Yaxın Şərq istiqamətində aparılan danışıqlar birbaşa Azərbaycanla bağlıdır.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

Onun fikrincə, bu yanaşmalarda ikili standartlarla yanaşı açıq şəkildə savadsızlıq, məlumatsızlıq özünü göstərir:

“ABŞ-dakı dinləmələrdə konqresmenlərdən biri “rus qoşunlarının 2044-cü ilə qədər Ermənistanda qalması ilə bağlı müqavilənin olduğunu deyir. Departamentin nümayəndəsi cavab verir ki, “rus qoşunları həmin regiona, yəni Zəngəzura (Ermənistanın Sunik adlandırdığı ərazi) və bölgədə olan aeroporta nəzarət edir. Ona görə də, Ermənistanın əraziyə ciddi formada nəzarət edə bilmədiyi vurğulanır. Hətta 2020-ci ildəki 44 günlük müharibədən sonra imzalanan müqaviləyə əsasən rusların bölgədə qalması ilə bağlı fikirlər səslənir. İl yarımdan sonra, yəni 2025-ci ilə qədər əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, rus qoşunlarının ərazidən çıxacağı deyilir. Əslində bunun müzakirəsi ABŞ Dövlət Departamentinin rəhbərinin müavininin proses barəsində tam məlumatsızlığını ortaya çıxarır. Fakt odur ki, rus sülhməramlıları və Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu tamam başqa anlayışlardır. Rus sülhməramlıları 10 noyabr 2020-ci ildəki razılaşma ilə bölgəyə yerləşib. Ermənistandan olan rus qoşunu isə hərbi baza statusundadır. Bu fərqi onlar analiz edə bilmir”.

Millət vəkili qeyd edib ki, ABŞ konqresmenlərindən birinin açıq sualı əslində bu dinləmələri alt-üst edib: “Həmin sual isə Azərbaycanın 2020-ci ildə niyə müharibəyə başlaması və onu dayandırması ilə bağlı idi. Separatçılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozub, açıq təhdid yaradırdı, Nikol Paşinyan açıq şəkildə təxribatlara əl atırdı. Amma departamentin rəsmisi cavab verir ki, məni tarixə niyə yönəldirsiniz? Bu isə bir daha savadsızlığı və məlumatsızlığı təsdiq etməklə yanaşı məqsədyönlü yanaşmanı özündə ehtiva edir. Çünki həmin dinləmələrdə bütün məsələlərə toxundular. Ramil Səfərov, Qubad İbadoğlu, hətta insan haqları və digər məsələlər müzakirə edildi. Amma Xocalı soyqırımına, 30 illik erməni işğalına, 1 milyon azərbaycanlının qaçqın düşməsinə heç kim toxunmadı. Əksinə dedilər ki, xüsusi missiya göndərib ermənilərin “stress vəziyyətini” analiz edəcəyik. Nədənsə, 30 il azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə aparılanda bunlar səslərini çıxarmadılar”.

Səməd Seyidova görə, hətta ABŞ kommunikasiya xəttlərinin Ermənistandan keçməsini istədiyi halda bunun reallaşması üçün heç bir addım atmır: “Həmin kommunikasiya xəttləri İran üzərindən açıldıqda isə buna etiraz edilir. Görünən odur ki, onlar indi nəzarəti türk dünyası üzərindən etmək istəyir. Bu məqsədlə türk dünyasının içərisinə Ermənistanı daxil etmək istəyirlər. Əslində ABŞ-ın indiki halda gündəmə gətirdiyi ikiüzlülük simvoluna çevrilmiş məlum “907-ci düzəliş”də məqsədləri tamam başqadır. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər