Son 20 ildə Vaşinqtonun ölkəmizə hərbi məqsədlər üçün köçürdüyü maliyənin statistikası göstərir ki, bu yardım onsuz da cüzi idi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ABŞ bu illər ərzində İranla sərhəddə və Xəzər dənizində Azərbaycanın sərhədlərinin təhlükəsizliyini nəzərdə tutan yardımlar edirdi. Bütün bunları nəzərə alsaq, Vaşinqtonun son qərarı Azərbaycanı regional dövlətlərdən uzaqlaşdırmır, əksinə yaxınlaşdırır, eyni zamanda Ermənistanın təhlükəsizliyini də sığortalamır.
Teleqraf.com xəbər verir kii bunu “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, ABŞ parlamentində anti-Azərbaycan bəyanatlarının və qərarlarının verilməsindən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi 20 noyabr okeanın o tayında birtərəfli qaydada razılaşdırılmış ABŞ-Ermənistan-Azərbaycan görüşündən imtina edildiyini bəyan etdi:
“Bu görüşdən imtinanın əsl səbəbi isə tamam başqadır. ABŞ və Fransa Azərbaycan və Ermənistan arasında imzalanması üçün hazırladıqları sülh müqaviləsinin mətnində Qarabağ ermənilərinin qayıdışı, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi öhdəliyini rəsmi Bakının üzərinə qoymaq istəyirlər. Azərbaycan bu cür mətnə imza atmayacaq və ona görə də Qərbdə təklif edilən görüşlərdən bu vəziyyətdə imtina ediləcək. Eyni zamanda 2024-cü ilin ilk 6 ayı ərzində Avropa İttifaqının strukturlarındakı seçkiləri, payızında ABŞ-da keçiriləcək seçkiləri nəzərə alsaq Azərbaycan-Ermənistan arasında danışıqlarının birmüddətlik dondurulması istisna edilmir”.
Politoloq hesab edir ki, Azərbaycanın milli maraqlarına zidd çağırışların tətbiqi Qərbdə arzu olunandır:
“Çünki onlar 2025-ci ildə rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsi və onlara hüquqi statusun verilməsi istəyir. Həmçinin Zəngəzurda Azərbaycanla sərhədboyu Türkiyəni çıxmaq şərtilə faktiki olaraq bütün NATO dövlətlərinin mülki missiyasının sayının artırılması məsələsi var. Fransa silahlarının Zəngəzura yerləşdirilməsi və Zəngəzur nəqliyyat qovşağının Qərbin başçılığı altında Ermənistan vasitəsilə işə salınması kimi istəklər də mövcuddur”.
Zaur Məmmədova görə, faktiki olaraq ABŞ Qafqazdakı hadisələrə, İran və Rusiya baxış bucağı çərçivəsində yanaşır:
“Lakin, okeanın o tayındakı strateqlər bilməlidirlər ki, bu və digər məsələlərdə onların Ermənistana vurğu etmələrinin perspektivi yoxdur. Ermənilər isə, boşuna həvəslənməsinlər. Rusiyaya arxa çevirmək onlara baha başa gələcək. Öz növbəsində, Uzaq Qərbdəki seçkilərdən sonra Qafqaza baxış bucağı da dəyişəcək. 1 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə küləyi uzunmuddət əsdirməyəcək. ABŞ-Azərbaycan münasibətlərində hazırki qara buludlar birazdan dağılacaq”.