30 Noyabr 2023 14:07
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması ilə bağlı rəsmi səviyyədə verilən açıqlamalar ümidlər yaratmaqdadır. Amma Azərbaycan da haqlı olaraq bildirir ki, 70 gündən sonra verilən təklifə cavab verilirsə, burada prosesi süni şəkildə uzatmaq meyilləri də görünür.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Bu da Ermənistanın müstəqil qərar verə bilməməsindən irəli gəlir. Bütün hallarda Ermənistan tərəfindən verilən son açıqlamalara təəssüf ki, inanırlar” - deyə o qeyd edib.

Partiya sədrinə görə, azərbaycanlıların qayıtması, sülh müqaviləsinin yaxın zamanlarda imzalanması, şərtlərdə razılıq əldə olunması kimi məsələlər erməni siyasi elitasının gündəmindədir:

“Eyni zamanda erməni tərəfinin iddia etdiyi hansısa “üç prinsip”in qəbul olunması məsələsi Azərbaycanın 5 şərti ilə müqayisə olunmalıdır. Qarşı tərəfin nəyi nəzərdə tutduğu bəlli olmalıdır”.

Fazil Mustafa hesab edir ki, anklavlar və qayıdış məsələsində qarşılıqlı razılaşma əldə edilməlidir:

“Mütləq ki, məsələlərin aydınlaşması üçün tərəflər arasında görüşlərin keçirilməsi təmin olunmalıdır. Azərbaycan vasitəçi olmadan ikitərəfli qaydada görüş təklif edir. Bu, birmənalı şəkildə məsələni həll etməkdir. Ermənistan buna doğru gəlsə, yaxşı mənada nələrsə dəyişə bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər