Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ermənilərlə bütün əlaqələr kəsildi. 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini elan edən Azərbaycan üçün yeni problem başlamışdı. Həmin ilin oktyabrın 1-dən artıq ermənilər tərəfindən Ağdam-Xankəndi yolu bağlanmışdı. Ermənilərlə bundan sonra görüşlər nadir hallarda olurdu. 1991-ci il 20 noyabrında ermənilər Azərbaycana məxsus helikopteri vurduqdan sonra Ermənistanla dövlət səviyyəsində hansısa görüşlər olmayıb.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, daha sonra vasitəçilərin köməyi ilə Azərbaycan Prezidenti Ermənistan rəhbərləri ilə ayrı-ayrı vaxtlarda görüşüb, danışıqlar aparıb:
“İlk dəfədir ki, dövlət qurumları səviyyəsində əlaqələr saxlanılır. Bunun müsbət tərəfləri çoxdur. Dünyaya sübut edilir ki, bizə vasitəçi lazım deyil. Çünki bunların hamsı heç də xoşniyyətli deyil. Digər tərəfdən dövlət olaraq problemlər qarşılıqlı formada həll edilir. Azərbaycan bununla bağlı mövqe ortaya qoysa da Ermənistan bunun əksini edirdi. Artıq erməni tərəfi də bu yola gəlir”.
Politoloq hesab edir ki, daxili işlərə başqa dövlətlərin qarışmasına yol verilmir:
“Problemləri kənar təsir olmadan həll etmək mümkün olur. Bu, Azərbaycan dövlətinin xarici siyasətində yeni bir istiqamətdir. Azərbaycan dövləti Ermənistanla bu müstəvidə istənilən formada danışıqlar apara bilər. Qərbi azərbaycanlıların geri dönüşü və ermənilərin Qarabağa qayıtmaq istəyinin də müzakirəsi mümkün olacaq”.
Cümşüd Nuriyevə görə, indi yaxşı bir president yaranıb:
“Zəngəzura, Göyçəyə qayıda bilərik. Beynəlxalq hüquq buna zəmanət verir. Eyni zamanda Azərbaycanın işğalda qalan kəndlərinin geri qaytarılması məsələsi də gündəmdədir. Sadəcə olaraq burada sərhədlərin hansı dövrün xəritələri əsasında dəqiqləşməsinin aparılması məsələsi olduqca həssas mövzuddur. Ermənilər 1975-ci il xəritələrini ortaya atır. Amma o dövrə aid sərhəd dəqiqləşməsi deyilən fakt yoxdur. 1925-ci ilə aid bu məsələni əhatə edən xəritələr var. Bu xəritələrə istinad isə birmənalı şəkildə Naxçıvanın 9 kəndinin Ermənistanın geri qaytarmasını gündəmə gətirəcək. Beləliklə tarixi Nüvədi kəndi Azərbaycana təhvil verilir. Bununla da Zəngəzur məsələsinin həllinə ehtiyac qalmır”.