18 Dekabr 2023 20:06
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla ərəb şirkətləri arasında imzalanmış sazişlərin icrası ölkədə"yaşıl" enerjinin istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım Dünya Ərəb Dili Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir: "Ərəb dövlətləri ilə münasibətlərimizin təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətlərilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Məhz bu amillər Azərbaycanda ərəb dilinə marağı ildən ilə artırır. Bugün biz əminliklə deyə bilərik ki, Azərbaycanın İslam coğrafiyası ilə yaxınlaşmasında ilk növbədə təbii amillər, cəmiyyətlərin istəkləri və əlbəttə ki, dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir.
Burada İslam Əməkdaşlıq Təşkilatının rolunu xüsusi qeyd edə bilərik. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciət ünvanlayıb və 1991-ci ildə təşkilata tamhüquqlu üzv qəbul edilib. Geniş ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə siyasi dividentlər qazandırır. Bugün müstəqil Azərbaycan ərəb dövlətləri ilə həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatlarda sıx əməkdaşlıq edir".

Deputat qeyd edib ki, ölkəmizin ərəb dünyası ilə münasibətlərinin güclənməsində Prezidentimiz cənab İlham Əliyevlə ərəb dövlətlərinin liderlərinin şəxsi dostluq münasibətləri də vacib rol oynayır: "Buna nümunə olaraq dövlətimizin başçısının Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud və digər ərəb liderləri ilə dostluq əlaqələrini göstərmək olar.

Bilirsiniz ki, ölkəmizin iqtisadiyyatına xarici investisiya qoyuluşunda da ərəb şirkətlərinin xüsusi rolu var. Belə müqavilələrdən biri 2020-ci ilin yanvarında Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanıb. “ACWA Power” şirkəti 240 meqavat gücündə külək, “Masdar” şirkəti isə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin icrasına cəlb olunublar. Bunlar çox böyük layihələrdir. Artıq bu ilin oktyabrında Azərbaycan Prezidentinin iştirakı ilə günəş elektrik stansiyasının təntənəli açılış mərasimi keçirilib. Respublikamızın müvafiq qurumları ilə ərəb şirkətləri arasında imzalanan müqavilələrin icrası ölkə üzrə bərpa olunan enerji mənbələrindən “yaşıl enerji” istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

Çox təqdirəlayiq haldır ki, bir sıra ərəb şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoyuluşuna da maraq göstərirlər. Biz bilirik ki, 44 günlük Vətən müharibəsində ərəb dövlətləri bizim haqq işimizə dəstək verdi. Bu dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. İndiki mərhələdə isə ərəb dövlətlərinə məxsus şirkətlərin azad olunmuş ərazilərimizin bərpasında iştirakı dostluğumuzun daha da gücləndirilməsində vacib amildir".

F.Yıldırıma görə, ərəb dövlətləri ilə münasibətlərin inkişafında parlament diplomatiyasının da özünəməxsus rolu var: "Azərbaycan Milli Məclisində uzun illərdir ərəb dövlətləri ilə dostluq qrupları uğurlu fəaliyyət göstərir. Mən Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm. Qeyd edim ki, rəhbərlik etdiyim qrup parlamentdə tərkibinə görə ən böyük dostluq qruplarından biridir. Həmin qrupda 15 millət vəkili təmsil olunur. Fəaliyyətim dövründə COVİD 19 Pandemiyası səbəbindən biz ərəb həmkarlarımızla bir neçə dəfə onlayn formatda görüş keçirmişik. Bu ilin yanvar ayında isə Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri cənab Fayez bin Abdullah Əl-Şəhrinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri baş tutmuşdur. Səfər zamanı qonaqlar Milli Məclisi ziyarət etmişlər. Hörmətli Sahibə xanım Qafarovayla və digər rəsmi şəxlərlə səmərəli görüşlər keçirmişlər. Eyni zamanda, qeyd etmək istəyirəm ki, dostluq qrupunda təmsil olunan millət vəkillərimiz mütəmadi olaraq qardaş Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyi ilə də səmərəli görüşlər keçirir və təşkil olunmuş tədbirlərdə aktiv iştirak edirlər".

Deputat qeyd edib ki, ərəb dili bizim din dilimizdir: "Həm bu amil, həm də ərəb dünyası ilə münasibətlərimizin güclənməsi ölkəmizdə bu dilə marağı daha da artırmaqdadır. Təsadüfi deyil ki, Azərbaycanın geniş İslam coğrafiyası kimi, ərəb dünyası ilə tarixi-mədəni bağlılığında dil faktoru böyük əhəmiyyət kəsb edir. Əsrlər boyunca Azərbaycan şairləri və mütəfəkkirləri ana dili ilə yanaşı, ərəb dilində də yazıb yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Füzulinin yaradıcılığını xatırlatmaq yerinə düşər. Həmçinin bir məsələni də qeyd etmək istərdim ki, keçirdiyim ikitərəfli görüşlərdə, tədbirlərdə olarkən ərəb qardaşlarımızın ifadələrində Azərbaycan və Ərəb dillərində xeyli sayda oxşar sözlərdən istifadə olunduğunu müşahidə etmişəm. Və bu da xalqlarımızın bir-birinə tarixi bağlılığının bariz nümunəsidir.
Müasir dövrdə isə ərəb dilinin beynəlxalq statusu da kifayət qədər yüksəkdir. BMT-nin rəsmi dilləri sırasında 5 dildən birinin məhz ərəb dili olması da bu dilin önəmini ehtiva edir. Bu gün Azərbaycanın bir sıra ali məktəblərində ərəb dili tədris olunur ki, bu da ərəb dilinə ölkəmizdə verilən dəyərin daha bir nümunəsidir"

Deputat sonda onu da bildirib ki, “Beynəlxalq Ərəb Dili Günü” münasibətilə bütün ərəb dostlarımızı, qardaşlarımızı təbrik edirəm, ərəb dünyasına sülh və firəvanlıq arzulayıram:

"Azərbaycan-Ərəb ölkələri arasında möhkəm təməllər üzərində qurulmuş dostluq və qardaşlıq münasibətləri əbədidir!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər