20 Dekabr 2023 13:00
3 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar fonunda əldə edilən nəticələr sülh prosesinə də güclü təsir edəcək. Görünən isə odur ki, tərəflər arasında elə ən yaxşı platforma vasitəçisiz müzakirələrin aparılmasıdır. Amma vasitəçi olmadan razılığa gəlib, daha sonra bir vasitəçinin yanında sülh sənədini imzalamaq olar.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

“Burada daha effektiv olan Moskva platformasıdır. Yəni, Azərbaycanla Ermənistan bütün məsələləri razılaşdırıb daha sonra Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinə imza ata bilər. Bunun üçün ən ideal yer, platforma buradır”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, ikitərəfli razılaşmadan sonra vasitəçi ilə yerdə qalan məsələləri həll etmək mümkündür:

“Sözsüz ki, vasitəçi ilə texniki məsələlər həll olunmur. Çünki Qarabağda indi birbaşa Rusiya da var. Bunu nəzərə almaq lazımdır. Ona görə də, Vaşinqton platformasında hər hansı bir yekun razılığa gəlinməsi istisna edilir. Vaşinqton vasitəsi ilə müəyyən ara razılaşmalar, mərhələ-mərhələ irəliləyişlər əldə etmək olar”.

Fərhad Mehdiyevə görə, Azərbaycanla Ermənistan arasında yekun razılıq Rusiyanın iştirakı ilə imzalanan sənədlə əldə olunacaq:

“Bütün bunlar Moskvasız sülh müqaviləsinin mümkünsüzlüyünü ifadə edir. Çünki Rusiya bölgədə aktiv oyunçulardın biridir. Moskva proseslərdə daha aktiv və passiv mövqe sərgiləyə bilər. Amma görünən odur ki, Cənubi Qafqazda yeni geosiyası dəyişiklər olacaq”.


Müəllif: Tapdıq Qurbanlı