"Bugünkü oyunun nəticəsindən asılı olmayaraq, qalib məlumdur. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. "Qarabağ"la Mərkəzi Ordun İdman Klubunun bugünkü oyunda qarşılaşmasının təbii ki, böyük rəmzi əhəmiyyəti var” bu sözləri Prezident İlham Əliyev dekabrın 21-də 1/8 final mərhələsinin “Qarabağ” (Ağdam) – MOİK (Bakı) matçından əvvəl çıxışı zamanı demişdir.
Dövlət başçısı böyük Qələbənin əldə olunmasında şəxsi, tarixi xidmətləri barədə heç bir cümlə də qeyd etmədi. Amma reallıqda hər kəs yaxşı bilir ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu Qələbə strategiyası məhz Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildi. Ulu Öndər həmişə deyirdi ki, “Biz Qarabağa qayıdacağıq, mütləq qayıdacağıq, bu, vaxt aparacaq”. O, həmçinin, bildirmişdi ki, başladığı işləri, özündən daha çox inandığı Azərbaycan Prezidenti İlham Əliyev yekunlaşdıracaq. Və belə də oldu. Bu gün isə Azərbaycan bayrağı Vətənimizin bütün kənd, qəsəbə, şəhərlərində dalğalanır. Ölkə başçısı hələ 20 il əvvəl deyirdi ki, "Azərbaycanın mövqeyi ədalətlidir, zaman bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Qarşı tərəf bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır". O zaman Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa edəcəyini kim bu qədər əminliklə bəyan edə bilərdi? O illərin hadisələrini hamımız xatırlayırıq. Bu, Azərbaycanın regionun şəksiz iqtisadi, siyasi və hərbi lideri olmaq yoluna yenicə qədəm qoyduğu illər idi. Ermənistanda hakimiyyətdə Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi “Qarabağ klanı” olub. Onlar nə beynəlxalq hüquqa, onun norma və prinsiplərinə, nə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadılar, danışıqlar prosesində iştiraka imitasiya etdilər. Və bütün bunlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin susqun dəstəyi ilə baş verdi. Onlar Ermənistanı həyata keçirdiyi işğalçılıq siyasətinə görə heç bir şəkildə qınamadılar. Əksinə, susmaqla həmin cinayətə dəstək verdilər.
Dünən tək Azərbaycanın deyil, həm də dünyanın gözü Xankəndidə idi. Azərbaycanın möhtəşəm Qələbəsi, onun yaratdığı reallıqlar bir daha nümayiş olundu. Xalq-ordu-iqtidar birliyi, haqlı mübarizəmizin bənzərsiz mənzərəsi hər birimizi ruhlandırdı. Şübhə etmirəm ki, bu oyunu Ermənistanda revanşist qüvvələr, erməni diasporasının dəstəyi ilə onlara havadarlıq edən Fransa prezidenti Emmanuel Makron, Paris meri Ann Hidalqo və bir çox başqa fransız siyasətçiləri, amerikalı konqresmenlər və senatorlar, eləcə də Avropa Parlamentinin üzvləri, jurnalistlər də izlədilər. Onlar yeni reallıq qarşısında acizdir. Axı Azərbaycan uzunmüddətli, səriştəli inkişaf strategiyası quraraq, düşmən tərəfindən işğal olunmuş əraziləri hərbi yolla qaytarmağın mümkün və zəruri olduğunu sübut edən dünyada ilk dövlət oldu. Nəticədə 44 günlük müharibə və 1 gün davam edən antiterror tədbirləri ilə tarixi Qələbə qazanıldı. Xankəndində keçirilən tarixi futbol oyunu da Azərbaycan Prezidenti İlham Əliyevin parlaq şəkildə həyata keçirdiyi Qələbə strategiyasının nəticəsidir.
Bu tarixi tədbirdə iştirak edənlər onun necə keçdiyini ən xırda təfərrüatı ilə yadda saxlayacaqlar. Onlar, həmçinin xəyal kimi görünən arzuların gerçəkləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolundan danışacaqlar. Amma bu proses davam edir. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən qurulmasına başlanılacaq. Bəli, uzun müddətdir ki, özünü bütün dünyaya ucadan bəyan edən “Qarabağ” futbol klubu nəhayət ki, doğma meydanında, işğaldan azad edilmiş Ağdamda oyunlar keçirəcək.
Prezident İlham Əliyev artıq nə qədər işlər görüb, nə qədər görür və hələ də görəcək?! Bu qədər böyük, tarixi Qələbələri həyata keçirə bilən ikinci siyasətçini misal çəkmək çətindir. Və elə buna görə də o, dünyada böyük nüfuza malikdir. Öz xalqına sədaqətlə xidmət edən, fədakarlıq, qətiyyət göstərən, qeyri-mümkün olanı mümkün edən ölkə başçısına hər bir vətəndaş hörmət edir, Ona inanır.
Millət vəkili, professor Hicran Hüseynova