Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Separatçı Samvel Şahramanyan qondarma qurumun ləğv edilməsinə dair “fərman”ını geri götürüb. Sizcə, bu, nə ilə əlaqəlidir, Ermənistan hakimiyyəti bunda maraqlıdırmı?
- Şahramanyanı Nikol Paşinyan və komandası idarə etmir, o, “Daşnaksütyun”un üzvüdür. Yəni bilavasitə Rusiyanın “marionet”idir. Şahramanyanın “bəyanat”ının hüquqi aspektinə gəlincə, beynəlxalq hüququn prinsiplərinə görə, hansısa bir etnik azlığın kompakt yaşadığı ərazidə “öz müqəddəratını təyin etmək hüququ” yalnız o zaman reallaşır ki, səsvermə və ya referendum keçirilir və orada yaşayan insanlar legitimlik təmin olunmaqla bu prosesdə iştirak edirlər.
Əlbəttə, vaxtilə Xankəndidə separatçı xuntanın formalaşdırılmasında və ya “səsvermə”də azərbaycanlılar iştirak etməyiblər. Söhbət etnik azərbaycanlılardan gedir, ermənilər də Azərbaycan vətəndaşlarıdır.
İkincisi, Azərbaycan vətəndaşlığından imtina və ya çıxma prosedurları konstitusiyamızda təsbit olunub. Həmin ermənilər bu prosedurlara riayət etməyiblər. Yəni haradan baxsaq, bu xunta qeyri-legitim strukturdur. Belə olan halda həmin qeyri-leqal strukturun ləğvi və ya buraxılması, ya da yenidən bərpası mümkün deyil.
Şahramanyan “hakimiyyətin özünü buraxması haqda bəyanat” verməyib, o sadəcə separatçı xunta rejiminə son qoyulduğunu bəyan edib. Yəni onun imzaladığı və ya geri götürdüyü legitim sənəd deyil.
Digər yandan, Ermənistanda Azərbaycana ərazi iddialarını ehtiva edən bir “struktur”un formalaşması iki ölkənin münasibətlərinə çox mənfi təsir göstərəcək. Yəni Nikol Paşinyana Şahramanyan barəsində məsuliyyət tədbirləri görməsə, avtomatik olaraq, Qərbi Zəngəzur Respublikası və onun mühacirətdə olan hökumətini bəyan edə bilərik.
Bu, Ermənistana qarşı ərazi iddiası deyil, 1948-ci ildən bəri zor gücünə öz yerlərindən çıxarılmış vətəndaşların könüllü seçimidir. Bu, Azərbaycan hakimiyyətinin də qərarı deyil, vətəndaşların seçimidir, belə etmək istəyirlər.
Dediyim kimi, Şahramanyan müstəqil fiqur deyil, Rusiyanın Ermənistandakı “marionet”idir.
- Bəs məqsəd nədir?
- Rusiya Şahramanyan vasitəsilə Paşinyana təzyiq göstərməyə çalışır. Paşinyan da bunu başa düşdüyü üçün son anda fikrini dəyişərək, Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Rusiyaya yollandı. Halbuki getməyəcəyi deyilmişdi. Çünki başa düşür ki, Moskva zor tətbiqinə keçə bilər.
Şahramanyanın bəyanatı həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş addımdır. Bunun arxasında yenə də Rusiya dayanır. Bəs bu, Azərbaycan-Ermənistan münasibətlərinə ciddi təsir edə bilərmi? Yox. Amma biz bütün nüansları nəzərə alaraq, qabaqlayıcı tədbirlər görmək məcburiyyətindəyik.
- Rusiya Ermənistanda ikinci konsulluğunu açmaq qərarı verib. Yer kimi də Qafan seçilib, yəni Zəngəzur. Yer seçimi bir təsadüfdürmü?
- Ümumiyyətlə, dünyanın heç bir ölkəsi konsulluq açmaq üçün yeri təsadüfən seçmir. Məsələ budur ki, Ermənistanda kimsə təsadüfən deputat ola bilər, Rusiyada kiminsə başına sırsıra düşüb prezident seçkisindən kənarda qala bilər. Amma konsulluq üçün yerin seçilməsi təsadüfi deyil.
Rusiyadan əvvəl İran və Fransa təcili Qafanda konsulluq açmaq qərarı vermişdi. İran suvağı qurumamış konsulluğunu açdı, Fransa da tələsir. Rusiya da onların qarşısını almaq üçün bu addımı atır. Rusiyanın məqsədi Zəngəzur dəhlizinin açılması və ona nəzarət Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətində olmasıdır. Məsələ bu qədər bəsitdir.
- Rusiya xarici işlər naziri Sergey Lavrov eyni gündə azərbaycanlı və türkiyəli həmkarları Ceyhun Bayramov və Hakan Fidanla telefon danışığı apardı. Rusiyanın baş diplomatının bu telefon trafikini necə şərh etmək olar?
- Bu zənglərin arxasında Moskvanın Cənubi Qafqazda Türkiyə və Azərbaycanla trio şəklində fəaliyyət göstərmək təklifi və cəhdləri dayanır. Çünki Rusiya başa düşür ki, onu Cənubi Qafqazdan çıxarmaq istəyirlər. Təkcə Avropa İttifaqı və ABŞ yox, İran da bunu istəyir. Çünki Rusiya ərəb sammitində Fars körfəzinin ərəb monarxiyalarını dəstəklədi. Yəni Rusiya körfəzdəki neft-qazla zəngin üç adanın istismarında ərəblərə dəstək verdi.
İran da bundan qəzəbləndi. Əvvəlcə İranın sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti Rusiyaya demarş və xəbərdarlıq kimi qəbul ediləcək açıqlama verdi, sonra Abdullahiyan açıq formada Moskvadan narazı qaldıqlarını bildirdi. Rusiya nə baş verdiyini bilir. İran və Rusiya etibarlı və dayanıqlı yox, situativ müttəfiqdir.
Digər yanda isə ABŞ, Fransa və Avropa İttifaqı var. Belə olan halda Rusiya istəyər ki, Azərbaycan və Türkiyə ilə əlaqələrindən yararlanaraq Cənubi Qafqazda qalsın, özünü həm vasitəçi, həm də proseslərin bilavasitə iştirakçısı kimi göstərsin.
- Maraqlıdır, Rusiyanı bölgədən çıxarmaq istəyən İran bu məsələdə təkbaşına hərəkət edir?
- Rusiyanı təkbaşına bölgədən heç kim çıxara bilməz – nə İran, nə ABŞ, nə Avropa Birliyi, nə də başqaları... Biz də Rusiyanın nə bölgədə qalmasını istəyirik, nə də çıxmasını. Çünki indi Rusiyaya qarşı diplomatik cəhd, səy və qüvvə sərf edəcək vaxt deyil. Biz bu dəqiqə Rusiyadan yararlanırıq və yararlanmağa da davam edəcəyik. Çünki Rusiya bizim tərəfdaşımızdır, çoxəsrlik əlaqələri də pozmağın yeri deyil.
Rusiya ilə əlaqələri kəssək, gərək qərbyönlü siyasət yürüdək. Bəs bu siyasət bizə xeyir verəcəkmi? Yox. Baltikyanı dövlətlər istisna olmaqla, post-sovet ölkələrindən bu siyasəti tutan heç kim xeyir tapmayıb - nə Moldova, nə Ukrayna, nə Qazaxıstan, nə Qırğızıstan, nə də Gürcüstan. Sadəcə vədlər verilib. Məsələn, Gürcüstana vəd veriblər, bəlkə 10-15 il sonra Avropa İttifaqına üzv olacaq. Eyni situasiyanı Moldova və Ukraynaya da aid etmək olar.
Əminəm ki, bizi də heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər. Hələ NATO-nu demirəm. Biz düşərgələnmiş qlobal dünyada bu və ya digər düşərgədə olmamalıyıq. Nə anti-Rusiya koalisiyasında yer almalıyıq, nə də Rusiyanın “müttəfiqlər”i arasında. Bizim yerimiz oralar deyil, biz müstəqil siyasət yürütməliyik. Həm Rusiya, həm də Qərblə normal əlaqələr qurmalıyıq, ABŞ ilə münasibətlərimizi yeniləməliyik, Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmalıyıq. Amma daxili işlərimizə, diplomatiyamıza müdaxilənin də qarşısını almalıyıq.