27 Dekabr 2023 09:14
4 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadakı toplantıda sədrlikləri dönəmində Avrasiya İqtisadi Birliyinin siyasiləşdirilməsinə imkan verməyəcəklərini dedi. Sizcə, Ermənistan rəhbərinin bu açıqlamasının arxasında hansı məqamlar var?

- Bu, ilk növbədə, Rusiyaya verilən mesajlardır. Çünki Rusiya siyasi maraqlar kontekstində Ermənistana bəzi ticari-iqtisadi məhdudiyyətlər tətbiq edir. Məlumdur ki, Gürcüstan üzərindən Rusiyaya gedən Ermənistan yük maşınlarının keçidləri üçün problemlər yaradılır. Ermənistan rəhbərliyi bunu Rusiya tərəfindən təzyiq kimi qiymətləndirir. Yəni verilən mesaj bu idi ki, siyasi və geoiqtisadi maraqlar naminə birliyə üzv olan dövlətlərə belə məhdudiyyətlər tətbiq oluna bilməz.

Avrasiya İqtisadi Birliyinin fəlsəfəsində siyasi və geosiyasi məqamlar mövcud deyil. Paşinyan da gələcəkdə bu iqtisadi birliyin siyasi ittifaqa çevrilməsi ilə razılaşmayacaqlarını bəyan etdi. Ermənistan da başa düşür ki, Rusiya Ukraynada qalib gəlsə, gələcəkdə bunu siyasi ittifaqa çevirə bilər. Belə bir təhlükə həmişə var. Bu, zaman-zaman Rusiyada siyasətşünaslar və bəzi məqamlarda rəhbərlik səviyyəsində dilə gətirilir. Paşinyanın da demək istədiyi bu idi ki, belə olacaqsa, Ermənistan bu işin içində olmayacaq.

- Belarus Prezidenti Aleksandr Lukaşenko toplantıda Ermənistanı aşkar formada hədələdi. Belarus lideri Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-dən uzaqlaşmaq cəhdlərinin bu ölkə üçün iqtisadi ölümə səbəb olacağını söylədi. Lukaşenkonun bu mesajını necə şərh etmək olar?

- Əslində, bu, həm Lukaşenkonun, həm də Rusiyanın baxışıdır. Əlbəttə, Rusiya bu toplantının moderatoru olaraq, Putin səviyyəsində dilə gətirmək istəməzdi. Ən azı buna görə sammitdə xoşagəlməz dialoq və ya söz atışmasının olmasını istəməzdi. Bu səbəbdən də, bəzi məsələlər Lukaşenko vasitəsilə Paşinyanın diqqətinə çatdırıldı. Eləcə də Avrasiya İqtisadi Birliyinə üzv olan digər dövlətlərin... Əlbəttə, bu, Rusiya prezidentinin mesajı idi ki, Ermənistanın bu ittifaqdan kənarda perspektivi yoxdur. Bu, təkcə Ermənistana xəbərdarlıq yox, həm də təhdid xarakterli mesajdır.

Gürcüstan üzərindən keçidlərə tətbiq olunan məhdudiyyətlər görülə biləcək iqtisadi tədbirlərin kiçik bir hissəsi kimi düşünülməlidir. Yəni Ermənistana mədəni dillə dedilər ki, etdiklərindən doğru-dürüst nəticələr çıxar.

Belarus prezidenti həm də Ermənistanın müttəfiqi olan Fransa haqda bir sıra gerçəkləri ortaya qoydu. O demək istədi ki, öz daxili problemlərini həll edə bilməyən Fransa Cənubi Qafqazda Rusiyanı necə əvəzləyə və Ermənistanı üzləşdiyi çətin durumdan çıxara bilər. Lukaşenkonun dilə gətirmək istədiyi bir məsələ də bu idi ki, Ermənistanın Rusiyanın dominant olduğu ittifaqlardan kənarda gələcəyi yoxdur. Bu, təkcə iqtisadi-ticari yox, digər anlamlarda da təhlükəsizliklə bağlı məsələdir.

- Rusiya xarici işlər naziri Sergey Lavrov ötən günlərdə Azərbaycan və Türkiyədən olan həmkarları ilə danışdıqdan sonra Moskvanın Qafanda (Zəngəzur) konsulluğunun açılacağı bildirildi. Bunun Zəngəzur dəhlizi ilə bağlı olduğu güman edilir. Üstəgəl, qarşıdakı günlərdə Rusiya Prezidenti Vladimir Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri gözlənilir. Bütün bunlar Zəngəzur və Ermənistanla bağlı digər məsələlərin həlli baxımından nə vəd edir?

- Prezident Ərdoğanın son görüşlər kontekstində Putinə konkret təkliflər verəcəyini söyləmişdim. Bu məsələlər indi də aktualdır. Gedişat Türkiyənin təkliflərinin nə qədər məntiqli və doğru olduğunu üzə çıxardı.

Qərb Ukraynadakı müharibə kontekstində Rusiyaya qarşı onun maraq dairəsində olan digər bölgələrdə də həmlələr etməyə başlayıb. Bu regionlardan biri Cənubi Qafqaz, digər Orta Asiyadır. Rusiya baş verənləri anlayır. Belə bir durumda Rusiya Cənubi Qafqazda üstün mövqeyə malik Azərbaycan-Türkiyə birliyi ilə əməkdaşlıq etməsə, Qərb öz məqsədlərinə daha asan nail ola bilər. Söhbət Rusiyanın sıxışdırılıb bölgədən çıxarılmasından gedir. Artıq Qərb bu siyasəti ilə bağlı zəif bəndini də müəyyən edib. Proses regionun ən zəif bəndi olan Ermənistan üzərindən yüksələn xətlə gedir.

Avropa Birliyi artıq Ermənistandakı fəaliyyətini və missiyasını genişləndirir. Düşünürəm ki, bu mülki missiya gələcəkdə hərbiləşdirilə bilər. “Ermənistanın təhlükəsizliyi” adı altında prosesi hərbi müstəviyə qədər aparaacaqlar. Hədəf budur. Sadəcə Rusiyanı qəzəbləndirməmək üçün prosesi tədrici aparırlar. Ermənistan Rusiyadan ağrısız qopmaq istəyir. Çünki Ermənistan rəhbərliyi hələ də Rusiyadan potensial təhlükəni hiss edir. Rusiyanı Ermənistanda hərbi, təhlükəsizlik, nəqliyyat, energetika və digər sahələrdə əvəzləmək üçün alternativlərə ehtiyac var. Qərb hələlik buna hazır deyil, Ermənistan da bunu görür.

Paşinyan Peterburqa getməklə o mesajı verir ki, Rusiya risk və təhlükələri gözə alaraq Rusiyadan uzaqlaşmağa çalışarkən, Qərb öz addımlarını tədrici və yavaş atır. Bu da Ermənistanı təmin etmir. Ayrıca, Nikol Paşinyan hökumətini Kremlin hədəfinə gətirməklə, bəzi riskləri də yaradır. Paşinyan Peterburqda Qərbə bu mesajlarını çatdırdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər