7 Yanvar 12:59
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etməsi qərəz və ikili standartların açıq təzahürüdür. Hər zaman olduğu kimi növbəti dəfə ABŞ Azərbaycan qarşı qərəzli münasibətini ortaya qoyub. 30 il ərzində Qarabağda bütün məscidlər, kilsələr ermənilər tərəfindən barbarcasına dağıdılıb. Məscidlər təhqir olundu, içərisində donuz, mal-qara saxlanılıb. Təəssüf ki, indiyə kimi ABŞ və digər Qərb ölkələri buna qarşı heç bir reaksiya verməyib. Həmçinin Ermənistanın işğalı nəticəsində ərazidə olan alban kilsələləri, xristian məbədləri dağıdılıb. Amma buna da Qərbdən heç bir reaksiya olmayıb.

Bunu Teleqraf.com-a ilahiyyatçı alim, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Bu gün Qarabağda olan erməni abidələri qorunur. Bunun əksinə bir fakt göstərilə bilməz ki, hansısa tarixi abidə dağıdılıb və s. Amma bunun əksinə indiki Ermənistan ərazisində 300 məscid, 500 qəbiristanlığın dağıdılması faktı ortadadır. İrəvanın mərkəzindəki Sərdar məscidi, Təpəbaşı məhəlləsindəki Təpəbaşı məscidi ermənilər tərəfindən dağıdılıb. Eyni zamanda İrəvanda tarixi Azərbaycan məscidi olan Göyməscid dünyaya fars, İran məscidi kimi təqdim olunur” - deyə o qeyd edib.

İlahiyyatçı alim bunun açıq şəkildə qərəzli və ikili standartların göstəricisi olduğunu bilidirib:

“Bu gün Bakının mərkəzində erməni kilsəsi içərisində beş min ədəbiyyatla birlikdə qorunur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda din məsələsində heç bir problem yoxdur. ABŞ rəsmilərinin verdiyi açıqlamalar da heç bir fakta, dəlilə əsaslanmır. Azərbaycanda bütün dinlərə, məzhəblərə, təriqətlərə son illər daha geniş imkanlar yaradılıb. Azərbaycanda müxtəlif dinlərə məxsus abidələr qorunub mühafizə olunmaqla yanaşı onların fəaliyyəti üçün geniş şərait mövcuddur”.

Ceyhun Məmmədov vurğulayıb ki, Bakıda sinaqoq, kilsə tikilib:

“Hər il dövlət büdcəsindən bu dini ocaqların saxlanılması, mühafizəsi və bərpası üçün maliyyə yardımı ayrılır. Qarabağda da eyni prinsip tətbiq edilir. Erməni kilsəsi dövlət tərəfindən təmir-bərpa olunur. Ona görə də, Azərbaycan din və dini abidələrlə bağlı heç bir narahatlıq yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı