8 Yanvar 18:38
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Türkiyənin Azərbaycanla Ermənistan arasında sülh prosesində bu və ya digər şəkildə iştirakı təsirli amil kimi önə çıxır. ABŞ dünyada nüfuzlu dövlətdir. Türkiyə isə Yaxın Şərqdə, Cənubi Qafqazda və bu regionda yerləşən dövlətlərlə birbaşa ünsiyyətə, təsirə malikdir. Bu mənada regionda Türkiyənin razılığı olmadan ciddi nailiyyət əldə etmək mümkün deyil.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“ABŞ və Türkiyənin indiki halda fəallığı bununla bağlıdır. Blinken də vurğulayıb ki, bu regionda Türkiyənin vasitəçiliyindən istifadə etmək lazımdır. Türkiyə Azərbaycan-Ermənistan, Fələstin-İsrail məsələsində çox ciddi söz sahibi ola bilər. Sadəcə olaraq burada ABŞ-nin Türkiyə ilə münasibətləri yüksək səviyyədə qurması tələb olunur”, - deyə o qeyd edib.

Partiya sədri ABŞ Türkiyənin maraqlarından istifadə etmək niyəti ilə yanaşı, digər tərəfdən Ankaraya qarşı Vaşinqtonun PKK-nı və digər terrorçuları dəstəklədiyini söyləyib:

“Bu baxımdan Vaşinqton Ankaraya qarşı o qədər də səmimi deyil. Türkiyənin isə Azərbaycanla Ermənistan arasında sülh prosesində vasitəçilik etməsi üçün kifayət qədər ciddi səbəbləri var. Türkiyə regionda böyük gücdür. Azərbaycanla Türkiyə arasında sıx bağlar mövcuddur. Ermənistanın isə dövlət kimi qalması Türkiyə ilə münasibətləri necə qurmasından asılıdır”.

Sərdar Cəlaloğlu hesab edir ki, Türkiyə Rusiya, Qərb, İran və ABŞ-la müqayisədə Azərbaycanla Ermənistan arasında sülh prosesində daha çox haqqa malikdir:

“Ermənistan Azərbaycanla olan münaqişə dövründə Türkiyəyə qarşı beynəlxalq təzyiqin formalaşdırılmasına çalışıb. Türkiyəyə qarşı saxta soyqırımı iddiaları irəli sürülüb. Amma bütün bunlar onu göstərir ki, Türkiyə ilə münasibətləri yoluna qoymadan Azərbaycanla hər hansı bir məsələdə irəliləyiş əldə etmək mümkün deyil. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları fonunda Ankarının maraqları nəzərə alınmadan heç bir addım atılmayacaq. Ona görə də, Türkiyə bu məsələdə mütləq yer almalıdır. Ermənilərin bunun istəyib-istəməməsi heç nəyi dəyişmir. Burada şərtləri Azərbaycan diktə edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər